"Bölgədə kifayət qədər yeni geosiyasi və iqtisadi reallıqlar formalaşır"

22 Yanvar 2021 14:29

"Hesab edirəm ki, Xəzəryanı dövlətlərin 2018-ci ildə qəbul etdiyi konvensiya faktiki olaraq bölgənin sosial, iqtisadi və humanitar inkişafı üçün kifayət qədər ciddi zəmin yaratmış oldu və Azərbaycanla Türkmənistan Prezidentlərinin "Dostluq" yatağının birgə istismarı ilə bağlı qəbul etdiyi qərar məhz sabitlik və inkişaf nöqteyi nəzərdən olduqca ciddi qərar kimi mövqeləşməkdədir".

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert ​bildirib ki, Azərbaycanla Türkmənistanın əlaqələrini inkişaf etdirmək üçün böyük potensial var:

"Nəzərə almaq lazımdır ki, uzun illər bölgədən uzaq dövlətlərin müdaxiləsi nəticəsində Xəzərdə mövcud olan problemlərin dərinləşməsi trend təşkil edirdi. Son illər isə məhz Xəzər bölgəsi dövlətlərinin bölgənin inkişafını müəyyən etməsi istiqamətindəki səyləri bölgənin sabitlik və inkişaf məkanına çevrilməsi üçün şərait yaratmış oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkmənistanın bütövlükdə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Və eyni zamanda unutmayaq ki, dünyada və bölgədə kifayət qədər yeni geosiyasi və iqtisadi reallıqların formalaşması göz qabağındadır. Belə olan halda regional iqtisadi reallığın dərinləşməsinə çox ciddi ehtiyac formalaşmış və düşünürəm ki, yeni platformaların əməkdaşlığa, sabitliyə xidmət etməsi nəticəsində Azərbaycanla Türkmənistan arasındakı iqtisadi əlaqələrin potensialı xeyli dərəcədə reallaşdırılmış olacaq". 

E.Məmmədov onu da qeyd edib ki, "Dostluq" yatağı ilə bağlı razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün olduqca ciddi təkan verə bilər:

"Hər iki ölkə kifayət qədər böyük iqtisadi resuruslara malikdir. Eyni zamanda hər iki ölkənin dayanıqlı və qabaqlayıcı iqtisadi inkişaf xəttinə keçməsi üçün tam şəkildə şərait var. Nəzərə almaq lazımdır ki, təbii ehtiyyatlar nöqteyi nəzərdən, demoqrafik potensial və real vəziyyət baxımından, bununla yanaşı istehsal güclərinin gücləndirilməsi, yüklənməsi nöqteyi nəzərdən və intellektual resurusların da imkanı bu gün onu deməyə əsas verir ki, ölkədə və bölgədə baş verən proseslər konteksində əlaqələrin daha da inkişafı lazımdır. Məhz Azərbaycan üçün də xarici istiqadi əlaqələrin qurulması nöqteyi nəzərdən, Türkmənistan üçün də bu proseslərin reallaşdırılması baxımından bölgə ölkələri ilə qarşılıqlı, humanitar, iqtisadi, siyasi əlaqələrin dərinləşməsinə ehtiyac var. Ona görə də düşünürəm ki, Azərbaycanla Türkmənistan arasında əldə olunmuş "Dostluq" yatağı ilə bağlı razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün olduqca ciddi təkan verə bilər".

Təhməz Əsədov
Milli.Az