ASALA "qayıdır" və terrora hazırlaşır

22 Yanvar 2021 11:00

"Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (Armenian Secret Army for the Liberation of Armenia, ASALA) son illər guya əməl etdiyi "taktiki fasilə"yə son qoyduğu və aktiv fəaliyyətə başlayacağını bəyan edib.

Terror qruplaşması bununla bağlı bəyanat yayıb.

"Ümid edirdik ki, güclü dövlətçiliyi olacaq Ermənistan ümumerməni maraqlarının ən başlıca və əvəzolunmaz dayağı ilə təminatçısı olacaqdı. Lakin indi Ermənistanın müstəqilliyinin zəifləməsini və suverenliyinin məhdudlaşmasını nəzərə alaraq yürütdüyümüz siyasətə yenidən baxmaq məcburiyyətindəyik. Xüsusilə də taktiki fasiləyə son qoymaq, ümumerməni maraqlarının müdafiəsi uğrunda tarixi missiyaya uyğun olaraq müasir geosiyasi reallıqlara və qüvvələr balansına əsaslanan yeni məntiqli hərəkətlər strategiyasını hazırlamaq niyyətindədir", - bəyanatda deyilir. "Bu açıqlama ilk öncə özlərini müttəfiq və dost adlandıranlara, sonra isə düşmənlərə ünvanlanıb", - bəyanatda bildirilib.

1975-ci ildə yaradılan və 1990-cı illərin əvvəllərinədək aktiv fəaliyyət göstərən ASALA erməni terror təşkilatı 1980-ci illərdə ABŞ Dövlət Departamentinin hazırladığı terrorçu təşkilatlar siyahısına daxil edilib.

ASALA-nın hücumları və teraktları nəticəsində 46 nəfər həlak olub, 299 nəfər yaralanıb. Erməni terrorçuların əsas hədəfləri həmişə Türkiyə vətənqdaşları olub.

ASALA-nın bəyanatlarına görə, terrorçuların əsas məqsədləri Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa, ermənilərə reparasiyalar ödəməyə və "tarixi Ermənistan" adlandırdıqları, Türkiyənin şimal-şərq əyalətlərini Ermənistana "verməyə" vadar etməkdir.

Ermənilər həmin əraziləri "Vilson Ermənistanı" adlandırırlar. Belə ki, 1920-ci ildə ABŞ prezidenti Vudro Vilsan ratifikasiya edilməmiş Sevr müqaviləsinə "istinad" edərək o əraziləri Ermənistana vəd etmişdi.

Əvvəllər marksist-leninst mövqedə duran ASALA indi aşkar irqçilik və aqresiv şovinizm mövqeyindədir.

Sosial şəbəkələrdə ermənilər ASALA-nın "qayıdışı"na sevindiklərini izhar ediblər.

"Ermənistan ordusuna inanıram. Başqa yolumuz yoxdur - əldən verilən torpaqları geri almalıyıq. Etnik təmizləmə aparsaq belə. Yeni ASALA gəlməlidir. Bizi öldürəndə susan və laqeyd qalan ölkələr bu dəfə qorxu içində yaşayacaqlar", - ermənilər yazırlar.

1970-1980-ci illərdə dünyanın bir sıra ölkələrində terror aktlarını həyata keçirən ASALA əslində erməniliyin terror mentalitetinə əsaslanır. O mentalitet isə dəyişməyib.

ASALA-nın hədələrinə gəldikdə isə, bu qruplaşma "qayıdış"ını bəyan etsə belə, onun sonu çox tez çatacaq. İstənilən terror təşkilatı kimi, bu zəif qrup da sadəcə bölgə dövlətlərinin yox, Qərbin də hədəfində olacaq.

Cənubi Qafqazda dəyişmiş reallıqları qəbul etməyən və etmək istəməyən dünya erməniliyi Ermənistanı uçuruma sövq edir.

ASALA ən kiçik terror aktı törədərsə, alacağı cavab həddən artıq ağır olacaq.

Terrorçular məhv edilməlidir - harada, kimlər olmalarının fərqi yoxdur.

ASALA isə belə bir bəyanat yaymaqla özünə ölüm hökmü imzalayıb.

Sadəcə, olduqlarından "qüdrətli" görünməyə çalışan bir dəstə erməni bunu hələ anlamır.

Elçin Alıoğlu
Milli.Az