Astara terminalının yükaşırma gücü artırılacaq

22 Yanvar 2021 15:59

Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan "Şimal-Cənub" "Cənub-Qərb" nəqliyyat dəhlizləri üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq, yük sahibləri üçün geniş imkanlar yaradır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, bu marşrutlar çərçivəsində reallaşan iri infrastruktur layihələrindən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu.

3 il öncə tikintisinin birinci mərhələsi başa çatan, terminalda ilk yük qatarı qəbul edildi. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil oldu. Terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aparılır.

Astara terminallar kompleksinin daxilində quru yük terminalı və konteyner meydançası, İran gömrük orqanlarının yerləşdiyi administrativ bina inşa edilib. Hazırda 2-ci administrativ bina, əlavə terminaldaxili yollar və taxıl terminalının inşası davam etdirilir. Qeyd edək ki, quru yük terminalı və konteyner meydançası "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən yatırılan investisiya hesabına inşa edilibsə, taxıl terminalı xarici investisiyalar hesabına inşa olunur.

Terminalda aparılan tikinti işləri ilə paralel olaraq yüklərin qəbul edilməsi və aşırılması prosesi həyata keçirilir. 2020-ci ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 422 100 ton və ya 8918 vaqon təşkil edib ki, bu da 2019-u illə müqaisədə 16% çoxdur. Belə ki, 2019-cu ildə Astara terminalında aşırılam yüklərin ümumi həcmi 363 842 ton təşkil etmişdir. Göstərilən rəqəmlər Astara terminalından keçən yüklərin həcminin ildən-ilə artdığını göstərir. Gələcəkdə buradan keçən yüklərin həcmi daha da artacaq. Bütün işlər yekunlaşdıqdan sonra terminalın ilkin mərhələdə yükaşırma gücü ildə 1,2 mln ton təşkil edəcək ki, sonradan bu rəqəmin 3,5 mln tona çatdırılması planlaşdırılır.

Nəzərə alsaq ki, Astara terminalı Azərbayacana 25 illik icarəyə verilib, "Azərbaycan Dəmir Yolları" QSC burada aparılan və aparılacaq yükaşırma əməliyyatlarının təkmilləşdirilməsi işlərini həyata keçirir. Təkmilləşdirilmə işləri çərçivəsində dəmir yolları nəzdində yeni şirkət - "Astara Terminal" MMC yaradılıb. Şirkətin əsas funksiyalardan biri terminallar kompleksinin müxtəlif modulları arasında koordinasiya işlər aparmaq, yükləri mərkəzləşdirilmiş şəkildə qəbul etmək və əməliyyatlar aparmaqdan ibarət olacaq. Bu da pərakəndəliyinin aradan qaldırılmasına xidmət edəcək. Qısası, şirkət vahid dispetçer rolunu oynayaraq, terminaldaxili yollarda hərəkət, yükaşırma və digər əməliyyatları təmzimləyərək Astara terminalının yük stansiyası səviyyəsinə qaldıracaq. Bu da rentabelliyin, yükburaxma qabiliyyətinin artmasına və nəticədə yük həcmlərinin çoxalmasına şərait yaradacaq.

Milli.Az