Baydendən Rusiya və NATO-nun xeyrinə təklif

22 Yanvar 2021 10:34

ABŞ-ın yeni Prezidenti Co Baydenin Rusiyaya nüvə silahı müqaviləsini 5 il uzatmağı təklif edəcəyi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya və NATO-nu məmnun edəcək təklifi Ağ Ev də təsdiqləyib.

Ağ Ev sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında yeni administrasiyanın Rusiya ilə bağlı siyasəti barədə vacib açıqlamalarla çıxış edib. O bildirib ki, müddəti fevral ayında başa çatacaq "Yeni strateji silahları azaltma anlaşması"nın ("New START") beş il uzadılması planlaşdırılır.

Onun sözlərinə görə, Bayden bu qərarı ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun hesab edir: "New START" Rusiyanın nüvə gücünü məhdudlaşdıran tək anlaşmadır".

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq hər iki ölkəyə "New START"ı uzatmağı təklif etmişdi. Buna görə qərarın NATO-nu da məmnun edəcəyi bildirilir.

Xatırladaq ki, müqavilə 5 fevral 2010-cu ildə Rusiyanın sabiq Prezidenti Dmitri Medvedev və ABŞ-ın eks- Prezidenti Barak Obama arasında imzalanıb. Müqavilənin əsas şərti nüvə başlıqlarının sayını 1550-ədək endirməkdir.

Milli.Az