Kanadanın General-Qubernatoru istefa verdi

22 Yanvar 2021 09:49

Kanadanın General-Qubernatoru Jüli Peyett tabeliləri ilə qalmaqal fonunda istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun bəyanatında deyilir.

"Ölkədə 28 il xidmətdən sonra istefa ərizəsi yazdım. Mən bu barədə Baş nazir Castin Trüdoya məlumat verdim", - o deyib. Peyett vurğulayıb ki, "hər bir insanın təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var". "Son bir neçə ay ərzində Rido-hollda (General-Qubernatorun iqamətgahı - red.) gərginlik yarandı, mən bundan təəssüf hissi keçirirəm", - deyə Peyett əlavə edib.

Trüdo artıq ölkənin General-Qubernatorunun istefasını qəbul etdiyini bildirən bəyanat yayıb. Bu vəzifələri müvəqqəti olaraq Ali Məhkəmənin rəhbəri Riçard Vaqner icra edəcək.

Milli.Az