Cəbhədən gələn zəng...

22 Yanvar 2021 21:04

Anası Xaliqə xanım hər səhər yuxudan oyananda günləri sanayırdı: "Elvinin gəlməyinə 25 gün qaldı..."

Açılan hər səhər, gələn hər gün oğlunun gəlişini yaxınlaşdırırdı: 24, 23, 22, 21, 20...

Ana bu təqvimi Elvinin hərbi xidmətə yola düşdüyü gündən hesablayırdı. 2019-cu ilin oktyabrın 23-dən oğlu sərhəd qoşunlarının çevik alayında xidmət edirdi. Bir müddət Yevlaxda, bir müddət Qazaxda, bir müddət də Kürdəmirdə xidmətini davam etdirmişdi.

Milli.Az bildirir ki, фilə üzvlərinin AZƏRTAC-a verdiyi məlumata görə, sentyabrın 27-də erməni hərbi birləşmələrinin təxribatına qarşı başlanılan əks-hücum əməliyyatı bir illik hərbi xidmətini başa vurmaq ərəfəsində olan Elvin Yusifovun gəlişini ləngidir.

Döyüş əməliyyatları başlanandan iki gün sonra anası ilə qısa bir telefon danışığı olur: "Ana, bir müddət zəng edə bilməyəcəyəm. Məndən nigaran qalmayın, qismət olsa görüşərik!".

Bu, müharibə başlayandan Elvinin birinci və sonuncu zəngi olur.

Üstündən aydan artıq müddət keçsə də, ondan heç bir xəbər çıxmır. Ana qulağı səsdə, gözləri yolda qalır. Lakin ondan heç bir xəbər gəlmir.

Günlər keçir, vaxt ötür, Elvinlə bağlı ümidlər üzülmək üzrə idi.

Müharibənin 37-ci günü tanış olmayan telefon nömrəsindən atası Ərşada zəng gəldi. Evdə elə güman etdilər ki, yəqin nömrəni Elvin verib. Zəng edən şəxs oğlunun cəbhənin Cəbrayıl-Zəngilan istiqamətində döyüş əməliyyatlarında iştirak etdiyini dedi.

Günlər keçir, bir-birinin ardınca kəndlər, qəsəbələr, rayonlar Azərbaycan Milli Ordusunun nəzarəti altına keçirdi. Əlbəttə, cəbhədən gələn xoş xəbərlər hamı kimi Yusifovlar ailəsini sevincinə səbəb olsa da, Elvindən soraq tuta bilməmələri onların səbrini tarıma çəkmişdi.

Lakin noyabr ayında gözlənilmədən gələn bir əsgər zəngi onların qəlbində ümid qığıcımları şölələndirdi. Zəng edən Elvinin sağ-salamat olduğu və onu Zəngilanda gördüyü barədə məlumat verdi.

Müharibə Milli Ordunun qələbəsi, uzun illər işğal altında olan Qarabağ torpaqlarının azad olunması ilə başa çatsa da, Elvindən səs-səmir çıxmırdı.

Nəhayət, noyabrın 19-u bir axşamçağı Elvin evə zəng edərək sağ-salamat olduğunu söylədi. Onun səsini eşitmək o qədər həyəcanlı idi ki, heç nə soruşub öyrənmək mümkün olmadı. Bütün qonum-qonşular Ərşad kişinin həyətinə yığışmışdı - üzlərdə xoşbəxtlik dolaşır, gözlərdə sevinc yaşı gilələnmişdi. Onun, bir neçə gün Ağdam, sonra Cəbrayıl rayonu istiqamətində döyüşlərdə iştirak etdiyi bilindi. Cəbrayılın Xudafərin körpüsünün, Zəngilan rayonunun və Mincivan qəsəbəsinin işğaldan azad edilməsində iştirak etdiyini dedi.

Ailə üzvləri onun "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülməyini eşidib çox sevindilər.

Xatırladırıq ki, Elvin Yusifov Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Atası Laçın rayonunun Mollalar kəndindən, anası Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. 1993-cü ilin avqustunda valideynləri doğam rayondan məcburi köçkün kimi Abşeron rayonuna pənah gətiriblər. 2014-cü ildə Saray qəsəbəsində Azim Müzəffərov adına 2 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə qəbul olunub. 2019-cu ildə təhsilin bakalavr pilləsini başa vuraraq Sumqayıt Dövlət Universitetinin mühəndislik fakültəsinin biznesin idarə edilməsi (İdarəetmədə informasiya sistemləri (MBA proqramı üzrə)) ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olunub. Lakin həmin il akademik məzuniyyət götürərək Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Laçın rayon bölməsinə müraciət edərək hərbi xidmətə yola düşüb. Hazırda xidmətini davam etdirir.

Milli.Az