Azərbaycanlı rejissor: "Çox maraqlı olacaq" - FOTO
18 Yanvar 2012 04:05
Rejissor Samir Kərimoğlunun Milli.Az-a müsahibəsi.
- Kinoda uğur qazanmağınızın sirri nədədir?
- Məncə, bu sirr deyil. Bütün dünya praktikasında belədir ki, gərək çalışasan. Bu sənətə başladığım gündən bəri bir gün də olmayıb kı, boş dayanım. Hər ilim, hər günüm, hər ayım çalışmaq olub. 2006-cı ildə ilk filmimi çəkdim, demək olar kı, uğurun başlanğıcı da ondan başladı. Bu boyda məsuliyyəti öz üzərimə qorxmadan götürdüm. Baxmayaraq ki, çox kiçik maliyyə ilə başladım film çəkilişinə, nəticəsi çox yaxşı oldu.
- Ümumiyyətlə, bu gün bizdə film çəkmək maraqlıdır?
- Həm maraqlıdır, həm də çətin. Hələ ki, bizdə film yüksək inkişaf etməmişdir. Böyük bir durğunluqdan sonra başlamışıq irəliləyişlərə. Mənə elə gəlir ki, 5 ildən sonra çox maraqlı olacaq (gülür). Film həm də bütün sənətləri özündə birləşdirir. İstər musiqini, istər təsviri sənəti, istərsə də teatrı. Düzdür, bir az çətinliklər var, onları aradan qaldırdıqdan sonra lap yaxşı olacaq.
- Fikir vermişəm, bütün rejissorların üzündə, necə deyərlər, həyatdan küskünlükmü deyim, nəsə çox yorğunluq hiss olunur. Sizcə, bu nə ilə əlaqədardır?
- Həddindən artıq hissiyyatlı olurlar. Hansısa haqsızlıqmı deyim, yaxud çətinlikmi deyim, rejissorlara çox tez dəyir. Mən amma çalışıram ki, bədbin olmayım, əksinə, nikbin olum. Hətta filmlərimdə də bunlara yol vermirəm. Əgər tamaşaçının problemi başından aşırsa, film çəkəndə çalışmalısan kı, nikbin ruhlu olsun. Çalışıram ki, bədbin ruhlu filmlər çəkməyim.
- Nə üçün Azərbaycan da "Oskar"a göndəriləcək film çəkmirlər? Səbəb nədir? Maddi vəziyyət, yoxsa texnika? Bəlkə hər ikisi?
- Onu deyim ki, "Oskar"a layiq film artıq çəkilib, təqdim də olunub. Bu İlqar Safatın "Sahə" filmidir. Hətta o filmdə gənc aktyor var idi, o Amerikada "Həvəskar gənc" nominasiyasına layiq görülmüşdü. İnşallah, bundan sonra da davam edəcək. Artıq bu iş görülüb, ilk addım atılıb. Bu iş olub, olmasa idi, deyərdim ki, yoxdur. Kino çəkmək maddi duruma baxmır ki, deyəsən ki, maddi vəziyyət yoxdur. Ola bilər ki, ssenari cəhətdən bir az qıtlıq var, çünkü yaxşı ssenarilər çox azdır.
- Hansı ölkənin kino sahəsi sizə daha maraqlıdır?
- Bu mənim üçün fərq etmir, yaxşı kinoya onsuz da baxıram, istər yapon kinoları olsun, istərsə də avropa kinoları. Təbii ki, amerikan filmlərinə daha çox üstünlük verirəm, çünkü yaradıcıları onlardır. Bir müəllif kinoları var, bir də komediya filmləri - bunların hamısına baxıram. Belə də davam edəcəyəm.
- Amerikanın kino həyatı necədir? Amerikada kino nə barədə çəkilir?
- İlk növbədə onlar hər şeyi qarışdırırlar, maddi tərəfini fikirləşirlər, həm də biznes kimi baxırlar. Ortaya sənət əsəri çıxarırlar sonda. Bizim onlardan öyrənməyə çox şeyimiz var. Biz də o sistemlə işləməyə başlasaq, inanıram kı, uğur qazana bilərik.
- Əgər öz həyatınız haqda film çəksəydiniz, necə ssenari istərdiniz?
- Çəkməzdim, mənə elə gəlir ki, daha maraqlı ssenari tapardım, amma öz həyatımdan yox, başqa həyatlardan.
- Məşhur rejissor Sergey Eyzenşteynin belə bir sözü var ki, kiminsə rejissor olmağı üçün 2 il, kimin üçün isə 200 il vaxt lazımdır. Sizə nə qədər vaxt lazım oldu ki, özünüzü təsdiq etdiniz?
- Hə (gülür). Özüm çəkdiyim filmdən nə vaxtsa xoşum gələ bilsə, deyə bilərəm ki, özümü təsdiq etmişəm. Onda deyə bilərəm ki, bundan o yana daha mən çəkə bilmərəm. O zaman ola bilər ki, özümü təsdiq etmiş olum. O da hələ gəlib çatmayıb. Əvvəl-axır nə vaxtsa özümün çəkdiyi film xoşuma gələcək. Çəkdiklərim xoşuma gəlir, sadəcə, tam anlamı ilə inanıram ki, nə vaxtsa çox xoşuma gələcək. İnşallah, o filmi çəkəndən sonra bir az rahatlaşaram.
- İstərdinizmi uşaqlarınızdan sənətinizi davam etdirən olsun? Maşallah, oğlunuzda aktyor siması var.
- Aktyor simasından başqa, neçə dəfə filmə, kliplərə çəkilib. Aktyorluq elə sənətdir ki, ilk növbədə gərək başqa işin olsun. Hələ ki, aktyorluqa doğru gedir, elə istəyir ki, çəkilsin. Amma istərdim ki, ilk növbədə oxusun, dünyagörüşü olsun. Sonra baxarıq, lap yeri gəlsə, mən də kömək edərəm, tanıdığım professionallara müraciət edərəm.
- Fikrinizdə elə bir ideya varmı ki, onu həyata keçirə bilməmisiniz? Sizə bu ideyanı həyata keçirməyə nə mane olur?
- Hələ ki, şərait mənə mane olur. İdeyalar var, inşallah, şəraitlə birlikdə onlar da gəlib çıxacaq. Mənə elə gəlir ki, heç nəyi tələsdirib qova-qova etmək olmur. Hər bir şey pillə ilə keçməlidir. İnşallah, olar, sadəcə çalışmaq lazımdır. Oturub gözləmək lazım deyil, gərək çalışasan ki, o özü gəlib çıxsın.
- Niyə görə müasir dövrdə əcnəbi filmlərə maraq, öz filmlərimizə marağı üstələyib?
- Kinoya hər bir insanın ehtiyacı var. Hal-hazırda bizdə də dövlət tərəfindən kino sahəsi dəstəklənir. İnşallah, bu neçə il ərzində çəkilən filmlər bu yaxınlarda kinoteatrlarda göstəriləcək. Nizami kinoteatrında Azərbaycan filmləri üçün ayrıca zal açıldı. Son illərdə çəkilən bütün filmlər orada göstəriləcək.
- Son çəkdiyiniz "Mən evə qayıdıram" filmi haqqında nə deyə bilərsiniz?
- Bu film triller janrındadır. "Mən evə qayıdıram" filmi Qarabağ müharibəsi dövründə rus ordusunda xidmətdən sonra Vətənə qayıdıb ərazi bütövlüyü uğrunda çalışan hərbi təyyarəçimizin həyatından bəhs edir. Filmin baş qəhrəmanı Tərlan Seyidzadədir. Filmdə bizim aktyorlarla yanaşı, xarici aktyorlar da rol alıblar.
- Ad gününüzü necə və kimlərlə keçirməyi xoşlayırsınız?
- 26 fevralda anadan olmuşam, Xocalı faciəsi günü, onun üçün qeyd etmirəm o günü. Əslində, mən ad günümü çox təntənəli keçirməyi xoşlamıram. Yadıma salıram kı, qocalmağıma bir gün də səbəb oldu. Mənim üçün bir o qədər də önəmli deyil bu.
- Ölümdən sonra həyat var?
- Əlbəttə. Mən Allaha da inanıram, "Quran"a da. Ölümdən sonra həyat mütləq olmalıdır ki, bugünkü yaşamın bir cavabı olsun.
Əli Novruzəliyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



