Postlardan 2315 maşın qaytarılıb, 3 nəfər həbs olunub

21 Yanvar 2021 17:09

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.   

Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.     

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Milli.Az