Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı

20 Yanvar 2021 17:52

Fransanın "lagazetteaz.fr" onlayn qəzetində "Bolşevik cəllad Şaumyanın demokratik Fransada izləri" adlı məqalə dərc olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə bolşevik Stepan Şaumyanın qanlı əməlləri ifşa olunur.

Məqalədə qeyd olunur ki, Fransanın Valans şəhərində erməni lobbisinin təzyiqi ilə küçələrdən birinə Stepanakert adı verilməsi planlaşdırılır:

"Qeyd etmək lazımdır ki, Xankəndi şəhəri sovet hökuməti tərəfindən leninçi-bolşevik, əlləri qana batmış Stepan Şaumyanın adı ilə Stepanakert adlandırılıb. O, 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər rayonlarında azərbaycanlıların, rusların və yəhudilərin soyqırımında günahkardır.

Şaumyan həqiqi bolşevik idi, bolşevizm isə siyasi mübarizə üsulu olaraq sərt terror üsullarınını tətbiqinin tərəfdarı olub.

Şaumyan bolşevizmin ən parlaq təmsilçilərindən idi, onun kimilər üçün Leninin şəxsiyyəti bütün mənəvi keyfiyyətlərdən üstün idi. Bolşevizmin əsas şərti təqsirsizlik prezumpsiyası əvəzinə təqsirlilik prezumpsiyası hesab olunur. Onların şüarı "Kim bizimlə deyilsə, bizə qarşıdır" ifadəsi idi. İnsanlar Leninin başlatdığı vətəndaş müharibəsinin ilk günündən SSRİ-də tiraniya, cinayətkar anarxiya şəraitində yaşamağa başladılar.

Bolşeviklər SSRİ-də yaşyan xalqlara qarşı soyqırımı törədib. Kütləvi siyasi təqiblər, həbslər və güllələnmələr, xalqların zorakı deportasiyası, milyonlarla insanın həbsxanalarda və düşərgələrdə işgəncələrdən, aclıqdan və sərt rəftardan ölməsi, bolşevizmin bu dəhşətləri haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib, bolşevizmin qurbanlarına heykəllər qoyulub və bütün bunlar Avropada və dünyada hər zaman böyük əks-səda doğurub.

Məhz bolşevizm Fransanın tarixi ilə qürur duyduğu demokratik dəyərlərin birinci düşməni olub. Çox qəribədir ki, vaxtilə Sovet İttifaqından qaçan minlərlə mühaciri və siyasi dissidenti qəbul etmiş və faktiki olaraq həyatlarını xilas etmiş Fransa indi bu cür qərar qəbul etmək istəyir.

Ona görə də Fransa adı xalqların qanı ilə ləkələnmiş şəxslərin adını öz ölkəsində ucaltmazdan əvvəl düşünməlidir".

Milli.Az