Hakan Şükürün atasına şok cəza - Terror təşkilatına yardım...

20 Yanvar 2021 15:53

FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) üzv olmaqda ittiham olunan və hazırda ABŞ-da yaşayan "Qalatasaray"ın və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürün atası Selmet Şükürün məhkəməsi yekunlaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Sakaryada keçirlən məhkəmə prosesinə ev dustaqlığında olan Selmet Şükür qatılmayıb.

Məhkəmə Hakan Şükürün atasına qarşı qaldırılan "terror təşkilatına üzv olma" ittihamını rədd edib və ona "terror təşkilatına yardım" ittihamı ilə cəza kəsilib. Məhkəmənin qərarına əsasən Selmet Şükür 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilib. Qərar digər məhkəmə instansiyaları tərəfindən də təsdiqlənsə, veteran futbolçunun atası cəzasını həbsxanada çəkəcək.

Bundan başqa məhkəmə Selmet Şükürün əmlakına qoyulmuş həbs qərarını ləğv edib.

Qeyd edək ki, Selmet Şükür 12 avqust 2016-cı ildə həbs olunub. 25 noyabr 2016-cı ildə isə səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılıb. Sakarya Cumhuriyyət Prokurorluğunun hazırladığı iddianamədə "silahlı terrror təşkilatına üzv olmaq"da ittiham olunan veteran futbolçunun atasının 7,5 ildən 15 ilədək həbsi tələb edilirdi.

Milli.Az