Milli Qəhrəmanımız Elman Hüseynovun ölümündən 19 il ötür
16 Yanvar 2012 16:38
Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynov 19 il əvvəl, 1993-cü ildə Vəng yüksəkliyi uğrundakı döyüşdə qəhrəmancasına şəhid olub. Şəhidin döyüş yoldaşları və yaxınları onun Tərtərdə ucaldılan büstünü ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Milli qəhrəmanın döyüş yoldaşı Fəqan Qurbanov bildirb ki, "Hüseynov Elman Tərtər batalyonunun ilk yaradıcısı və komandiri olub. Bu gün onun anım günüdür. Döyüş yoldaşları hamısı buradadır. Mən onun müavini olmuşam. O dövrdə batalyon yaratmaq müharibəyə bərabər bir iş idi. Təminat yox idi. O dövrdə batalyona yığılan oğlanlar Elman müəllim kimi vətənpərvər oğlanlar idi. Yaşasaydı, 41 yaşı olacaqdı. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşmən tapdağından azad olunmasında fəal iştirak edən, şəxsi şücaəti və rəhbərliyi altında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən milli qəhrəmanımız döyüşlərdə iki dəfə yaralanıb.
Axırıncı döyüşü Vəng ətrafında oldu. Yanvarın 14-ə keçən gecə səhər saat 5:00-da batalyonu cərgəyə düzdü və dedi ki, bu gün Vəngi almalıyıq. Vəng Xankəndi ilə Əsgəranın arasında yerləşir və Vəngi almaqla biz bütün o zonanı mühasirəyə almış olurduq. Ancaq o, həmin döyüşdə qəhrəmancasına şəhid oldu. Heç bir ağacın, daşın dalına girmədi, ayaq üstə getdi düşmən üstünə. O öləndən sonra mən batalyonu sıraya düzdüm, təlimatlandırdım və hücuma keçdik, 13 meyitimiz qalan təpəni tutaraq Elman müəllimin qisasını aldıq".
Elman Hüseynov 1995-ci il yanvarın 15-də ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda küçə var. Evli idi. Üç övladı var.
Milli.Az