Bayden və Harris andiçmə mərasimindən öncə ABŞ-da koronavirusdan ölənlərin xatirəsini anacaq

20 Yanvar 2021 08:59

İnaqurasiya ərəfəsində ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və yeni seçilmiş vitse-prezident Kamala Harris çərşənbə axşamı Vaşinqtonda keçirilən mərasimdə COVID-19 nəticəsində dünyasını dəyişən 400 min amerikalının xatirəsini anır. Bayden və Harris həyat yoldaşları Cill Bayden və Daq Emhoffla birgə çərşənbə günü and içəcəkləri Kapitoli binasının qarşı tərəfindən yerləşən Linkoln Memorialının qarşısındakı hovuzda 400 işığı yandırmaq üçün keçirilən mərasimə qatılacaq.

Nyu Yorkda "Empire State" binası və Sietldakı "Space Needle" daxil olmaqla Amerika Birləşmiş Ştatlarının digər şəhərlərindəki binaların üzərində də işıqlar yandırılacaq. Baydenin inauqurasiya komitəsi yüzlərlə şəhər, etnik qruplar və icmaların da "milli birlik anına" qatılacağını bildirib.

Bayden və Harris pandemiyanın iqtisadi təsirlərinə məruz qalanlara yardım göstərməklə yanaşı, ilk 100 gündə 100 milyon peyvənd tətbiq etmək məqsədilə COVID-19-a qarşı mübarizəni administrasiyanın hakimiyyətdə ilk dövründə əsas prioritet edib.

Bu günə qədər 12 milyondan çox insana iki dozalıq peyvəndin birincisi tətbiq olunub. Eyni zamanda, dünyada indiyədək ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınıb.

Çərşənbə axşamı həmçinin Baydenin namizəd göstərdiyi yüksək vəzifəli şəxslərin təsdiqi üçün Senatda dinləmələr başlayır. Maliyyə naziri postuna namizəd Canet Yellen, Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken, Müdafiə naziri vəzifəsinə nominasiya edilmiş Lloyd Ostin, Daxili Təhlükəsizlik naziri vəzifəsinə namizəd göstərilmiş Alexandro Mayorkas və Milli Kəşfiyyat direktoru postuna namizəd Avril Hayns Senat komitələrinin qarşısına çıxanlar arasındadır.

Milli.Az