Erməni işğalına məruz qalan ilk yurd yerimiz - Kərki kəndi

18 Yanvar 2021 23:20

Naxçıvan Muxtar Respublikasının Şərur ayonunun yaşayış məntəqələrindən olan Kərki kəndi erməni işğalına məruz qalan ilk yurd yerləmizdəndir. Hazırda həmin kənd 1990-cı ildə yaradılan Sədərək rayonun inzibati ərazi dairəsinə daxildir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərib. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.

Yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçib.

Bütün bunlara baxmayaraq, Naxçıvanı işğal etmək arzusu ilə yaşayan ermənilər burada gözləmədikləri müqavimətə rast gəliblər və Sədərəyin müdafiə xəttini keçə bilməyiblər. Naxçıvanlıların qanları-canları bahasına göstərdikləri ciddi müqavimət sovet rəhbərliyini də çaş-baş salıb. Çünki onlar həmin vaxt döyüş xətti boyunca, necə deyərlər, yüzlərlə könüllülərdən ibarət canlı sərhəd yaradıblar. Düşmən həmin sərhədi keçməyə cəhd göstərsə də, darmadağın olunaraq qaçmağa məcbur edilib.

Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi isə həmin yurd yerimizin qaranlıqlar içərisində parlayan bir ulduz kimi qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi.

Kəndin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.

Bəzi tarixçilərin fikrincə, "Kərki" toponimi kərkük türk tayfasının adı ilə bağlıdır. Sədərək kəndinin 8-10 kilometrliyində Teyqar dağının ətəklərində yerləşən kəndin 960 hektar sahəsi, 500 sakini olub. "O tay", "Sulu zağa", "Bəzirxana", "Dəlikdaş", "Sənəm qalası", "Gavurqala", "Şurut bulağı" və digər bu kimi qədim yurd yerləri bu gün də kənd sakinlərinin xatirələrində yaşayır.

Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində muxtar respublikanın işğal altında olan Günnüt kəndi düşməndən azad edilib. Vətən müharibəsində əzəmətli zəfər qazanaraq dünya hərb tarixində özünəməxsus yeni bir səhifəni açan qüdrətli ordumuzun cəsur əsgər və zabitlərinin muxtar respublikanın yüksəkliklərində tutduğu mövqelərdən bu gün işğal altındakı Kərki kəndi aydın görünür. Həmin yurd yerimiz də əsil sahiblərinin yolunu həsrətlə gözləyir.

Milli.Az