Yanvarın 18-dən şəhərdaxili, 25-dən sonra isə rayonlara gediş-gəlişə nəzarət edən postlar ləğv olunacaq - DYP

16 Yanvar 2021 13:59

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq.

Hələ ki yanvarın 18-dən 25-dək rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək".

Yanvarın 25-dən etibarən isə rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv ediləcək.

DYP rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvar ayının 25-dən etibarən rayonlararası gediş-gəliş bərpa olunacaq: "Bununla əlaqədar həmin yollardan qurulan postlar da ləğv ediləcək. Şəhər və ya rayon qeydiyyatı olmasından asılı olmayaraq hər kəsin sərbəst gediş-gəlişinə icazə veriləcək. Minik avtomobilləri ilə sərnişindaşımaya da icazə veriləcək. Müntəzəm marşrut avtobusları ilə sərnişindaşımaya isə icazə verilmir".  

Milli.Az