Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq

15 Yanvar 2021 20:04

Ermənistan rəhbərliyi anlamalıdır ki, artıq münaqişə geridə qalıb və bundan sonra ancaq irəliyə baxıb regionun təhlükəsizliyi və rifahına nail olmaq lazımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, bu, erməni xalqı üçün də ən optimal və arzuolunan yoldur: "Ermənistan iqtidarı Qarabağa qanunsuz səfərlər təşkil etməklə daxili auditoriya qarşısında xal qazanmağın əvəzinə vaxt itirmədən öz xalqını yeni reallıqlarla barışmağa hazırlamalıdır.

Reallıqlar isə ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə heç bir xüsusi siyasi status verilməyəcək və bu ərazidə yaşayan ermənilərin Azərbaycan hakimiyyətinə tabe olmaqdan başqa heç bir perspektivi yoxdur. Qarabağa Ermənistan ərazisindən təşkil olunan qanunsuz səfərlərlə bağlı artıq Azərbaycan Prezidenti qəti və birmənalı mövqeyini ifadə edib.

Dünən isə Azərbaycan Xarici İşlər Nazirliyi bu mövqedən irəli gələrək sərt bir bəyanatla çıxış etdi. Ermənistan rəhbərliyi bu açıqlamalardan lazımi nəticə çıxarmalıdır. Əks halda, daha ağır zərbələr alacaqlar. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, "dəmir yumruq" hələ yerindədir".

Milli.Az