ÜST indiyədək istehsal edilmiş peyvəndlərin tam əksəriyyətinin cəmi 10 ölkə arasında paylanmasını tənqid edib

15 Yanvar 2021 21:10

Dünya ölkələrinin müxtəlif istehsalçıların təklif etdiyi koronavirus əleyhinə peyvənd maddələrini əldə etmək üçün apardığı "yarışı" tənqid edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək istehsal olunan peyvənd dozalarının 95 faizinin dünyanın 10 ölkəsində istifadə edildiyini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib ki, ölkədəki epidemioloji vəziyyətin imkan verdiyi bütün ölkələr peyvənd dozalarının dünyada ədalətli paylanmasına töhfə verməlidirlər. O, Avropada hansı ölkələrin ən çox peyvənd aldığını açıqlamadan Avropanın bu istiqamətdə həmrəylik nümayiş etdirməli olduğunu söyləyib.

"Our World in Data" internet saytının apardığı araşdırmalara görə, koronavirusa qarşı peyvəndin ən çox tətbiq olunduğu ölkələr siyahısına Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin və Rusiya başçılıq edir.

Kluqe ÜST və onun tərəfdaşlarının hər bir ölkənin peyvənd maddələrinə çıxış əldə edə bilməsi üçün göstərdiyi səyləri bir daha vurğulayıb. Bununla əlaqədar o, həmçinin dünyanın 92 yoxsul ölkəsini peyvənd dozaları ilə təmin etməyi hədəf alan COVAX təşəbbüsünü nümunə göstərib.

Milli.Az