Almaniyada peyvəndləmədə "könüllülüyə" istisnalar ola bilər

15 Yanvar 2021 20:35

Müəyyən hallarda peyvəndləmədə könüllülük prinsipi müvəqqəti olaraq ləğv edilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada ayrı-ayrı regionlarda koronavirusa yoluxmanın statistikasında dinamika pisləşən hallarda belə tədbirə müraciət etmək olar. Hökumətdə hesab edirlər ki, əgər yoluxma artmaqda davam edərsə, o halda daha sərt tədbirlərə əl atılacaq.

Qeyd edək ki, ölkədə ümumi məcburi peyvəndləmə hələ mövcud deyil. Lakin hesab edirlər ki, müəyyən vəziyyətlərdə bu və ya digər rayonlarda və ya əhali qruplarında məcburi peyvəndləmə variantını nəzərdən keçirmək lazım gələcək. Söhbət, məsələn, ahıllar evlərindən və ya tənha, kimsəsiz şəxslərdən gedir. Hakimiyyət orqanları tibb bacılarının da məcburi vaksinlənəcəyini elan ediblər.

Almaniyanın Səhiyyə Nazirliyində hesab edirlər ki, bu çətin qərarı qəbul etməzdən əvvəl vəziyyəti çox diqqətlə öyrənmək və həqiqətən də məcburi vaksinləmədən başqa çıxış yolunun olmamasını yəqin etmək lazımdır.

Milli.Az