"Çadırda yaşamağa hazırıq, təki Laçına qayıdaq" - Taxtakörpüdən VİDEOreportaj

14 Yanvar 2021 18:38

29 ildir öz yurd-yuvalarından didərgin düşən laçınlılar öz torpaqlarına dönəcəyi günü gözləyirlər. Hələ ermənilərin daşı daş üstə qoymadığı o yerlərdə könüllü olaraq çalışmaq belə istəyirlər. Onlar Ağcabədi rayonunun Taxtakörpü yaşayış məntəqəsində öz kəndlərinin adını daşıyan Qarıqışlaq obasında məskunlaşıblar.

Milli.Az bildirir ki, Trend-in Qarabağ bürosunun çəkiliş qrupu məcburi köçkün adı üzərindən götürülən ailənin qonağı olub.

Laçının geri alınması sevinci onlara ötən illər ərzində çəkdikləri əziyyəti çoxdan unutdurub. Torpaqların erməni işğalından azad olması ilə dövlətdən "geri qayıdış başladı" tapşırığının verilməyini gözləyirlər. İllərlə yeraltı, qarğı və kərpic daxmalarda, FİN evlərdə yaşayan bu ailələr Laçına gedib çadır evlərdə belə yaşamağa razıdırlar. Laçında xarabalığa çevrilmiş kəndlərini qısa müddətdə abadlaşdıracaqlarına inanırlar. Təki Vətən sərhəddən başlasın. Çünki o dağlarda istər tikib-qurmaq üçün, istərsə də firəvan yaşamaq üçün böyük təbii sərvətlər mövcuddur.

Milli.Az