Tərtər çayı üzərindəki Sol Sahil və Xanarx kanalları yenidən qurulur - FOTO

14 Yanvar 2021 18:04

Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşları işğaldan azad edilmiş Suqovuşan kəndində olub, Tərtərçay Hidroqovşaq suvarma sisteminə daxil olan Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, institutun direktoru Elbrus Paşayev baxış zamanı bildirib ki, Tərtər çayının Sol Sahil kanalının və Xanarx kanalının yenidən qurulmasına başlanılıb:

"Lakin subölüşdürücü qurğuya qədər olan 5,2 kilometrlik məsafə, yəni Tərtər kanalında da təmir-bərpa işlərinə ehtiyac var. Ermənilər işğal zamanı kanalın qarşısını beton sədlərlə kəsərək, onun irriqasiya funksiyasını enerji istehsal etmə funksiyasına çevirmişlər. Bu məsələlərə layihədə yenidən baxılacaq və lazımi tədbirlər görüləcək. Çünki bu kanalın əsas qayəsi irriqasiya üçündür. Bu kanal vasitəsilə bir neçə rayonun əkin sahələrinin suvarılması həyata keçirilir".

Əraziyə baxış keçirilən zaman erməni işğalçıları tərəfindən Sol Sahil kanalının dağıdılaraq yararsız hala salındığı məlum olub. Bundan başqa uzun illər ərzində kanalın istifadəsiz qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb.

Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşı Akif Sultanov qeyd edib ki işğal zamanı Sol Sahil magistral kanalının bir çox hissəsi dağıdılıb, səngərlər qazılıb. Bundan başqa 30 il müddətində baxımsız qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb: "Odur ki, kanalın yenidən qurulma layihəsinin verilməsini məqsədəuyğun hesab edirik. Kanal yenidən qurulduqdan sonra suyun təsərrüfatlara çatdırılması mümkün olacaq".

Qeyd edilib ki, layihələndirmə işləri başa çatdırıldıqdan sonra Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulmasının qısa vaxtda həyata keçirilməsi nəzərdə tutulur. Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bu isə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə səbəb olacaq.

Milli.Az