Huawei P50 smartfonları həm Android həm də HarmonyOS-ə sahib olacaq

24 Yanvar 2021 23:20

Son zamanlar Huawei P50 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Yeni məlumat sızıntısı isə bu seriyaya daxil olacaq smartfonların proqram təminatları ilə bağlıdır. Məlumata əsasən Huawei P50 modelləri şirkətin fərdi əməliyyat sistemi olan HarmonyOS-i əldə edəcəklər. Lakin Android-ə daha çox üstünlük verən istifadəçilər də kənarda qalmayacaqlar. Bu barədə 4pda saytı xəbər verib. İnsayderlərin verdikləri məlumata əsasən Huawei P50 smartfonları həm Android həm də HarmonyOS-ə sahib olacaqlar.

Bu məsələdə aydın olmayan tək şey odur ki, sözügedən əməliyyat sistemləri bu smartfonların satılacaqları regionlar üzrə quraşdırılacaq yoxsa smartfonların alışı zamanı istifadəçinin seçim imkanı olacaq? Bununla yanaşı heç istisna deyil ki, smartfonların tərkibində hər iki əməliyyat sistemi mövcud olsun. Daha öncə bu cür ehtimal barəsində məlumat ortaya çıxmışdı. Bu halda istifadəçi istədiyi zaman Android ilə HarmonyOS arasında keçid edə biləcək. Gözləntilərə əsasən Huawei P50 seriyasının təqdimatı bu ilin birinci yarısında baş tutacaq.

Milli.Az