"Azərbaycan ordusu Şuşada əməliyyat bacarıqlarını göstərdi və Ermənistanı darmadağın etdi" - "Moskovski Komsomolets"də MƏQALƏ

14 Yanvar 2021 13:22

Dağlıq Qarabağdakı müharibə iki ay əvvəl sona çatdı. Müharibədə məğlub olan Ermənistanda çoxları üçün belə bir nəticə sürpriz oldu. Lakin bəzi analitiklər Qarabağ müharibəsinin nəticələrini Azərbaycanın 27 sentyabr 2020-ci il tarixində hücumlara başlamasından bir neçə il əvvəl proqnozlaşdırırdılar. Proqnozu reallaşanlar arasında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin direktor müavini Konstantin Makiyenko da var. "MK" ("Moskovsjiy Komsomolets") ondan proqnozun nəyə əsaslandığını və nəyi proqnozlaşdırmaq mümkün olmadığını soruşub.

Milli.Az müsahibəni təqdim edir:

- İki il yarım əvvəl, 2018-ci ildə "Fırtına gözləyirik: Cənubi Qafqaz" kitabının nəşri ilə əlaqədar MK-yə verdiyiniz müsahibədə Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğunu söylədiniz. Ssenarisini, qoşunların taktikasını və ehtimal olunan nəticəni təsvir etdiniz. Bu proqnoz, demək olar ki, bütün əsas məqamlarda doğru çıxdı. Nəyi proqnozlaşdıra bilmədiniz?

- Əsas odur ki, bəlkə də nə mənim, nə də o kitabın yaradılmasında iştirak edən müəlliflərin heç biri əvvəlcədən görə bilmədi ki, azərbaycanlılar özlərinə strateji xarakterli bu cür qəti hədəflər qoyacaqlar.

Güman etdik ki, Qarabağ məsələsini tam şəkildə həll etməyə çalışmazdan əvvəl, Azərbaycan 2016-cı ilin aprelindəki kimi daha azmiqyaslı ən azı bir və ya daha iki əməliyyat həyata keçirəcək.

Bakının erməni birləşmələrini tam məğlubiyyətə uğratmaq və 1992-1994-cü illərdə Azərbaycan ərazilərinin və Qarabağ ərazisinin bir hissəsinə nəzarəti bərpa etmək vəzifəsi qoyacağını gözləmirdik.

Niyə bunu görə bilmədik? Çünki müsahibə, Nikol Paşinyan 2018-ci ilin mayında Serj Sarkisyanı etirazlar nəticəsində əvəz edərək Ermənistanın baş naziri olmasından əvvəl baş tutdu.

- 2018-ci ildə, 2016-cı ildə Dağlıq Qarabağda baş verən hərbi toqquşmaların təhlilinə əsasən, Ermənistanın müdafiə sisteminin məğlubiyyətə səbəb ola biləcək zəif tərəflərini sadaladınız: ordunun zəif texniki təchizatı və müdafiə xətləri, qoşunların yerləşdirilməsinə çox vaxt tələb olunması, inkişaf etməmiş hərbi infrastruktur. İki ildə bu problemli məsələlər Ermənistan rəhbərliyi tərəfindən həll olunmadı?

- Paşinyan Ermənistanda hakimiyyətə gələnə qədər, yəni 2018-ci ilə qədər bu məsələlər həll olunmadı. Və onun gəlişi ilə vəziyyət daha da pisləşdi.

Müharibədən əvvəl edilmiş bir neçə əsas səhvləri sadalamaq olar. Bu, ərazinin mühəndis hazırlığına etinasız yanaşmadır. Cənubda, bu hərbi əməliyyatlar teatrında tank üçün təhlükəli olan yeganə istiqamətdə, müdafiə strukturlarının ən zəif olduğu ortaya çıxdı. İkincisi, silahların gizlədilməsinə  əhəmiyyət verilmədi. Üçüncüsü, xidmətdə mənfi seçim, üstünlük yalnız siyasi rəhbərliyə "hə" deyən, təşəbbüsləri olmayan zabitlərə verilirdi. Bütün bu problemli məsələlər həll olunmamışdı.

Niyə? İstedadsız hərbi-siyasi rəhbərlikdən danışarkən bu suala qismən cavab verdim. Ancaq ikinci bir əsas şey də var. 1992-1994-cü illər müharibəsi və sonrakı toqquşmalar nəticəsində, o cümlədən 2016-cı ilin aprelində ermənilərdə azərbaycanlılar üzərində bir üstünlük kompleksi formalaşdı.

Hərbi-texniki və say baxımından azərbaycanlılardan geri qalmasına baxmayaraq, təşkilatlanma və mənəvi-psixoloji keyfiyyətlərinə görə azərbaycanlılardan üstün olduqlarına inanırdılar. Və birdən-birə məlum oldu ki, Azərbaycan piyadaları və tankçıları da mükəmməl motivasiya və təlim alıblar. Rəqibinizi düzgün qiymətləndirməmək çox təhlükəli bir şeydir. Zəif xarici düşməni belə qiymətləndirməmək belə ağır məğlubiyyətlərə səbəb olur.

Əslində, azərbaycanlıların 2016-cı ilin aprelindən bəri piyadaların keyfiyyətini artırdıqları, hərbi-texniki üstünlüklərini artırdıqları və komandanlıq keyfiyyətini yüksəltdikləri ortaya çıxdı.

Hər şeyin xaricində bu, təkcə ermənilər üçün deyil, ümumiyyətlə, hər kəs üçün ən vacib dərsdir. Bu açıq bir dərsdir, amma heç kim bunu öyrətmir: heç bir halda düşməni səhv qiymətləndirməməlisən.

- Müharibə ərəfəsində ermənilərin səhvləri başa düşüləndir. Bəs döyüş əməliyyatları zamanı hərbi rəhbərliyin elə bir səhvləri olub ki, bu da erməni tərəfinin məğlubiyyətini sürətləndirdi?

- Doğrudan da, döyüş əməliyyatları zamanı əsas səhv yenə cənub istiqamətinin qiymətləndirilməməsi idi.

- İki il əvvəl Azərbaycan ordusunun güclü tərəflərini qeyd etdiniz və hərəkətlərinin mümkün taktikalarından danışdınız. Hər şey gözlədiyiniz kimi idimi, yoxsa azərbaycanlılar sizi nə iləsə təəccübləndirdilər?

- Operativ sənət baxımından düşünürəm ki, cənub istiqamətindəki Azərbaycan manevri diqqətəlayiqdir. Azərbaycanlılar cənubdan keçəndə Laçın istiqamətində "kobra atışı"nı təqlid etdilər. Ermənilərin əsas müdafiə qüvvələrini orada cəmləşdirdilər. Ancaq, əslində, azərbaycanlılar bir az daha şərqə, Şuşa tərəfə getdilər. Yəni real zərbəni şərqdə vurdular.

Əlbəttə, Laçın da əsas məqamdır. Ancaq azərbaycanlılar Şuşanı alaraq Dağlıq Qarabağın bütün müdafiəsinin dağılma təhlükəsini yaratdılar. Bu əməliyyat - hərbi baxımdan Laçına bir zərbə təqlidi və Şuşaya əsl bir zərbə parlaq şəkildə həyata keçirildi.

Erməni qoşunları əməliyyat təşəbbüslərini itirdilər və özlərini xüsusi bir şeydə fərqləndirmədilər.

- Hərbi-texniki baxımdan Azərbaycan qoşunları daha güclü idimi?

- Bəli, bu proqnozlaşdırıla bilərdi. Bəlkə də eyni dərəcədə deyil. 2018-ci ildə pilotsuz aviasiyanın, kamikadze dronlar da daxil olmaqla böyük rol oynayacağı bəlli idi. Ancaq bu rolun bu qədər vacib olması şəxsən mən də daxil olmaqla hər kəs üçün sürpriz oldu.

Azərbaycan piyada qoşununun ciddi şəkildə artan keyfiyyəti və çox yaxşı öyrədilmiş yüngül dağ piyada birliklərinin olması sürpriz oldu. Şuşada tək pilotsuz təyyarələr işləmirdi. Orada dağ xüsusi təyinatlıları fəaliyyət göstərirdi, demək olar ki, əlbəyaxa döyüşlər olurdu.

- Yalnız 2020-ci il Qarabağ müharibəsinin nəticələrini deyil, həm də Ermənistanın ilk Rusiya İmperiyasının, daha sonra isə SSRİ-nin bir hissəsi olmasının çoxəsrlik təcrübəsini nəzərə alaraq, belə dövlətlərin müstəqilliyini təmin etmək və sosial-iqtisadi inkişaf üçün şərait yaratmaq iqtidarında olmadığını söyləmək mümkündürmü? Onları nə gözləyir və onlar üçün çıxış yolu nədir?

- Ermənistanı çox çətin dövrlər gözləyir. Ermənistanın dövlətçiliyi üçün çox böyük risklər var. Bunlar hərbi fəlakətin məhsuludur. Eyni zamanda, istedadsız və qərarsız siyasi rəhbərliyə görə risklər çoxalır. Düşünürəm ki, indi kəskin şəkildə miqrasiya güclənəcək. Yaxın 2-3 ildə 200 minə qədər adam Ermənistanı tərk edəcək. İki milyon sakini olan bir ölkə üçün bu, sadəcə, fəlakətdir.

Ermənistan üçün yaşamağın yeganə yolu Rusiya ilə inteqrasiya proseslərini gücləndirməkdir. Coğrafi baxımdan çətin olsa da.

- Başqa bir sual: indi Rusiyaya bu lazımdırmı?

- Düşünürəm ki, indi Dağlıq Qarabağda rusiyapərəst inteqrasiya hissləri və onu qoruya bilməyən Ermənistanı özündən uzaqlaşmaq istəyi artacaq.

Aslan Məmmədov
Milli.Az