Bakıda narkotik alveri edən şəxsə hökm oxundu

14 Yanvar 2021 11:18

Bakıda narkotik alveri ilə məşğul olmaqda ittiham olunan 1962-ci il təvəllüdlü Vəliməmməd Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Vəliməmməd Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vəliməməmməd Tağıyev Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın və Əmircan qəsəbəsindəki evindən isə 571 qram marixuana aşkarlanıb.

İstintaq orqanı tərəfindən Vəliməmməd Tağıyevin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Milli.Az