Elmar Məmmədyarov: “Azərbaycan və İtaliya arasında qeyri-neft sektorunda iqtisadi əlaqələr genişlənməlidir”
26 Aprel 2010 17:35
XİN-in mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Adolfo Urso İtaliya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, siyasi və iqtisadi baxımdan stabil və sürətli inkişafın respublikanı etibarlı tərəfdaş və regionda əməkdaşlıq üçün nümunəvi ölkəyə çevirdiyini qeyd edib. O, həmçinin İtaliya şirkətlərinin ölkəmizdə uğurlu layihələr həyata keçirdiyini və gələcəkdə də təmsil etdiyi ölkənin Azərbaycanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Elmar Məmmədyarov isə bu marağın qarşılıqlı olduğunu bildirib, əlaqələrin daha da dərinləşməsi üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyi fikrini bölüşdüyünü qeyd edib. Nazir Məmmədyarov iqtisadi əlaqələrin yalnız neft sahəsində deyil, həmçinin qeyri-neft - kənd təsərrüfatı, turizm, aqrobiznes və digər sektorlara genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Milli.Az