Cənubi Qafqazda yeni yollar investisiya axını və biznesin inkişafı deməkdir - Rusiyalı politoloq

13 Yanvar 2021 22:35

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əsas müzakirə mövzularından biri əlaqələrin bərpası məsələsi olub.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Darya Qrevtsova deyib.

O bildirib ki, bu məsələnin işlənməsi üçün hər üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupu yaradılıb: "Onlar bir neçə istiqamətdə yolların tikintisi üzrə layihələri hazırlayacaq".

Onun sözlərinə görə, yol Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya keçəcək. Bundan başqa, Azərbaycandan Naxçıvana, daha sonra Türkiyəyə yol inşa ediləcək:

"Yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir".

Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: "İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir. Bu, o qədər də asan olmayacaq, çünki bunun üçün əhəmiyyətli maliyyə vəsaiti tələb olunacaq".

Milli.Az