Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq

13 Yanvar 2021 16:24

Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması barədə əldə olunan razılaşma bütün Cənubi Qafqaz regionuna iqtisadi səmərə verəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu, regionda yeni nəqliyyat-logistika məkanının istifadəsinə və yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq.

Üçtərəfli görüçün yekunları barədə danışan deputat bildirib ki, yolların açılması hamıdan çox Ermənistanı maraqlandırmalıdır:

"Ölkələr arasında razılaşma Ermənistan iqtisadiyyatına və onun xalqının rifahına müsbət təsir göstərəcək".

R.Quliyev xatırladıb ki, Azərbaycanla Naxçıvan MR arasında logistika hava yolu ilə və İran ərazisindən reallaşdırılır, amma bundan sonra birbaşa yol tikiləcək və Türkiyəyə də birbaşa çıxış əldə olunacaq:

"Azərbaycan artıq trans-kontinental dəmir yollarını inşa edib, azad edilmiş ərazilərdə dəmiryol şəbəkəsi bu sistemə inteqrasiya oluna bilər".

Milli.Az