Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO

13 Yanvar 2021 12:54

Bakının Pirşağı qəsəbəsində çirkab sular birbaşa, yəni təmizlənmədən dənizə axıdılır. Sosial platformalarda da artıq bir neçə gündür bu məsələyə diqqət çəkilir. Pirşağıya heç də yaraşmayan bu mənzərənin foto və videoları paylaşılır ki, məsələ həllini tapsın. Bu gün biz də həmin ərazidə olduq. Müşahidələrimizi sujetdə izləyə biləcəksiniz. Sakinlər iddia edirlər ki, bu vəziyyət illərdir davam edir. Məsələ ilə bağlı "Azərsu"dan məlumat verilib ki, ərazidə xüsusi təmizləyici kollektor tikilir və işlər yekunlaşmaq üzrədir.

İçi zibillə dolu üfunətli sular birbaşa dənizə axıdılır. İllərdir davam edən bu mənzərə artıq özünə məcra da yaradıb.

Qəsəbə sakinlərinin sözlərinə görə, illərdir burda belə acınacaqlı vəziyyət yaşanır.

Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, çirkab suların iyindən yayda çimərlik ərazisindən heç kim istifadə edə bilmir. Dənizə axıdılan kanalizasiya suları özü ilə birlikdə xəstəlikləri də çimərliyə gətirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sözügedən ərazi ilə bağlı xüsusi layihə var. Layihəyə əsasən, Corat və Novxanı çimərliklərində olduğu kimi çirkab sular təmizləndikdən sonra dənizə axıdılacaq.

"Azərsu" asc-nin rəsmisinin sözlərinə görə, yeni yaradılan sistem ən son tələblərə cavab verəcək. Bununla da ərazinin kanalizasiya və çirkab sularının axıdılması problemi birdəfəlik həll ediləcək.

Milli.Az