Vətən müharibəsinin qəhrəman ŞƏHİDİ Ruzi İbrahimov - VİDEO

13 Yanvar 2021 11:19

Vətən müharibəsində Azərbaycan xüsusi təyinatlılarının düşmənə vurduğu zərbəni Ermənistan ordusu uzun müddət unuda bilməyəcək. Kəşfiyyatçılarımız kiçik qruplarla həyata keçirdikləri əməliyyatlarla adlarını dünya hərb tarixinə yazdılar. Adını tarixə yazdıran igidlərimizdən biri də Şərur rayonunun Yengicə kənd sakini Ruzi İbrahimovdur. O, ən ağır döyüşlərdə düşmənə qənim kəsildi. Şuşa uğrunda gedən döyüşlərdə isə 3-cü dəfə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəldi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hər kəs onu məsum baxışı, saflığı və qarışqaya belə ziyan verməyəcək siması ilə xatırlayır. Ancaq Ruzi İbrahimovun bu simasının altında böyük bir qəhrəmanlıq dastanı yatır. Vətən müharibəsində 27 nəfərlik qrupla 130-dan çox ermənini məhv edib. Naxçıvanın Günnüt kəndində gedən döyüşlərdə göstərdiyi şücaət onu Vətən müharibəsinin ilk günlərində Füzuliyə gətirib.

Türkiyədə keçdiyi təlimlərdə kəşfiyyatçı kimi yetişən Ruzi İbrahimov Füzuli, Cəbrayıl, Hadrut və Xocavəndin adını bilmədiyi yüksəklikləri uğrunda döyüşlərdə itirdiyi yoldaşlarının qisasının arxasınca düz Şuşaya qədər ən çətin əməliyyatlarda iştirak edib. Günlərlə düşmənin müdafiə xəttinin dərinliklərində kəşfiyyat aparıb, dəfələrlə mühasirədən çıxmağı bacarıb və bu döyüş qabiliyyəti ilə Şuşa uğrunda gedən döyüşlərdə də düşmənin qorxulu yuxusuna çevrilib. Döyüşlərdə 2 dəfə yaralansa da, Ruzi İbrahimov geridə qalmağı özünə sığışdırmayıb.

Ruzi həyat yoldaşına söz verdiyi kimi, üzbəüz döyüşlərdə düşmənə aman verməyib. Amma minaatan mərmisindən də yan keçə bilməyib və ağır yaralanıb. Növbəti mərminin qəlpəsi isə düz ürəyinə dəyib.

Ruzi İbrahimov döyüşlərdə göstərdiyi şücaətə görə, "Azərbaycan bayrağı " ordeni, "Vətən uğrunda", "Xocavəndin azad edilməsinə görə" və "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif olunub.

Milli.Az