Sənətin pisi yoxdur, sənətkarın pisi var - Azərbaycanı dünyada tanıtdıran saatsaz - VİDEO - FOTO

13 Yanvar 2021 11:24

Heç bir sənətin pisi yoxdur, sənətkarın pisi var.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakının məşhur saatsazı Hacı Fətəliyev deyib. Saat ustası artıq 50 ildir ki, bu peşə ilə məşğul olur və işini sevir:

"1970-ci ildən bu işlə məşğulam. İlk iş yerim Sumqayıt şəhərində məişət xidməti idarəsində olub. Bu sənətimi sevirəm, qeyri-adi saatlar haqqında məlumatlar toplayıram, baxıram, öyrənirəm.

Bakı şəhərində elə saat yoxdur ki, düzəltməyim. Mənim iş yerimin girişində də diqqət edən "düzəlməyən saatların təmiri" yazısı görə bilər. Ümumiyyətlə bu gün çox ustalar qeyri-adi saatları demək olar, düzəldə bilmədikləri üçün götürmürlər və adamlar sonda mənim ünvanıma gəlirlər. Bundan əlavə demək olar ki, işimin əsas hissəsi brend saatlarla bağlıdır".

H.Fətəliyev qeyd edib ki, ilk düzəltdiyi saatlar "Zvezda", "Pobeda", "Luç", "Vostok" markaları olub, ancaq bu gün o "Rolex" saatlarını belə təmir edir:

"Bu sənət çox dərindir. Sənətin pisi olmur, sənətkarın pisi olur. Əgər əsl sənətkarsansa, yaxşı qazanc əldə edəcəksən. İndi elə qəliz saatlar gəlir ki, uzun zaman lazım olur düzəltməyə. Amma şükürlər olsun ki, hamısını düzəldə bilirəm. Dünyada elə bir saat yoxdur ki, onu sazlaya bilməyim. 2015-ci ilin may ayının 15-dən bir ay müddətində İtaliyanın Milan şəhərində keçirilən festivalda dünyanın 120 ölkəsinin saatsazları arasında mən də var idim. O qədər saatsazın içində ikinci oldum".

Milli.Az