Nəqliyyat-kommunikasiya sistemlərinin açılması bölgənin inkişafına təkan verəcək – “Hədəf”də MÜZAKİRƏ

12 Yanvar 2021 23:26

Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" analitik proqramında yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş, görüşdən sonra imzalanan sənəd müzakirə olunub.

Trend-in məlumatına görə, verilişin videoformatda qonağı olan rusiyalı tanınmış politoloq Sergey Markov və Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar Moskva görüşü barədə fikirlərini səsləndiriblər.

Rusiyalı politoloq liderlərin görüşündə imzalanan üçtərəfli bəyanatla bağlı deyib ki, 11 yanvarda keçirilən müzakirələr razılaşmanın inkişaf etdiyini göstərir: "Rusiyalı sülhməramlıların bölgəyə gəlməsindən, qaçqın və məcburi köçkünlərin qayıdışından sonra nəqliyyat-kommunikasiya sistemi bərpa edilir. Bu, bölgənin inkişafına, çiçəklənməsinə təkan verəcək". S.Markov deyib ki, kommunikasiyaların açılması Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda iqtisadi-sosial inteqrasiyaya nail olmaq üçün vacibdir.

Türkiyəli ekspert isə bildirib ki, Moskva görüşü qalan problemlərin həlli istiqamətində önəmlidir: "Əlbəttə, nəqliyyat-kommunikasiya sisteminin blokdan çıxarılması Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan üçün, bölgə üçün əhəmiyyətlidir. Əldə olunan razılaşmalar, imzalanan sənəd Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək". A.Ağar qeyd edib ki, hazırda bölgədə Azərbaycan, Rusiya, Ermənistanla yanaşı, Türkiyə, İran və Gürcüstan işbirliyinə də zəmin yaranır.

 

"Hədəf"də gedən müzakirəni bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=IICo2_z7gL8

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az

Milli.Az