Paşinyanı nümunə götürən antimilli şuranın Azərbaycana xəyanətlər TARİXİ - Şərhlər

12 Yanvar 2021 21:26

Özünü milli şura adlandıran qurum həmişə olduğu kimi 44 günlük Vətən müharibəsində də xəyanətkar missiyasını reallaşdırdı, ermənilərin dəyirmanına su tökməklə cəmiyyəti çaşdırmağa çalışdı. Bu gün də antimilli şura öz çirkin fəaliyyətindən geri qalmır, öz ağalarının tapşırığı ilə Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmağa çalışır, onlar sanki öz fəaliyyətlərini Paşinyanla razılaşdırırlar.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Cavid Osmanov Trend-ə deyib ki, "milli şura" ətrafında birləşən 5-10 nəfər antimilli ünsür bu günlərdəki əməlləri ilə bir daha erməni lobbisinə, erməni xüsusi xidmət orqanlarına qulluq etdiklərini açıq-aşkar ortaya qoydular:

""Milli şura" yarandığı gündən öz antimilli mövqeyi ilə seçilib. Bütün dövrlərdə Azərbaycana qarşı açıq-aşkar fəaliyyət göstəriblər. Həm aprel döyüşləri, həm iyul döyüşləri zamanı da bunların anti-Azərbaycan fəaliyyətinin şahidi olduq. 12 iyulda separatçı, faşizm siyasəti yürüdən Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycana qarşı növbəti təxribatlardan sonra bütün dünya azərbaycanlıları birmənalı olaraq dünyanın ayrı-ayrı ölkələrində və şəhərlərində Azərbaycanın Ali Baş Komandanına və Ordusuna dəstək və erməni təxribatına etiraz məqsədilə yürüşlər, dinc aksiyalar keçirdilər.

Eyni zamanda soydaşlarımız ölkəmizin səfirlikləri və diplomatik nümayəndəlikləri qarşısında toplaşaraq həmrəylik nümayiş etdirirlər. Amma çox təəssüf ki, birbaşa Ermənistana, erməni diasporuna xidmət edən antimilli ünsürlər, xüsusən "milli şura" ətrafında yığışan Əli Kərimli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və bunlar kimi 5-10 nəfər antimilli ünsür Azərbaycana qarşı Ermənistan hansı təxribatı törədirsə, eyni təxribatı törətdilər, eyni vaxtda, eyni mərkəzdən idarə olunaraq ermənilərlə birgə hərəkət etdilər. Bunlar erməni vəhşiliyini, vandalizmini məhz ermənilərin dediyi kimi azərbaycanlıların, soydaşlarımızın üzərinə yıxmağa cəhd etməklə bir daha öz iç üzlərini ortaya qoydular.

44 günlük Vətən müharibəsi zamanı da "milli şura" eyni istiqamətdə fəaliyyət göstərdi, ermənilərlə sinxron işlədi. Bu gün bütün qüvvələri ilə çalışırlar ki, Azərbaycanın möhtəşəm qələbəsinə kölgə salsınlar".

Antimilli şuraya 2 sual: Harada idiniz müharibə dövründə və niyə ABŞ-dakı terrorçu Azərbaycanda günahsız olur?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirib ki, bu gün anti-milli şura ermənilərlə sinxron fəaliyyət göstərir: "Onlar xaindirlər. 44 günlük Vətən müharibəsi zamanı anti-milli şura xain və satqın simasını yenə də nümayiş etdirdi, düşmənin dəyirmanına su tökdü. Xüsusən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digərləri.

N.Orduxanlı bildirib ki, darmadağın olunmuş Ermənistan, erməni lobbiçiləri, ermənilərin himayədarları və Azərbaycanın daxilində olan anti-milli şuranın sinxron fəaliyyətlərini hər kəs görür: "Bunlar bir müddət əvvəl Paşinyanı nümunə kimi göstərirdilər. Ona görə də bunlardan başqa heç nə gözləmək olmaz. Ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin fəaliyyət göstərənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır. Onlar fərari, xain və satqındırlar".

Siyasi ekseprt Bəhruz Quliyev isə bildirib ki, 1993-cü ildən hazırkı dövrə qədər müxalifət təmsilçiləri, xüsusilə ənənəvi müxalifət kəsimi adlandırılan və daim radikallıqları, anti-dövlətçilik fəaliyyətləri ilə seçilən qruplar 27 ildən sonra da, yəni bu gün də öz köhnə təfəkkürlərində qalmaları ilə yanaşı, həm də "beşinci kolon"un emissarları olduqlarını uğursuz düşüncələri, addımları ilə sübut edirlər.

Onun sözlərinə görə, "demokratiya" pərdəsi arxasında davamlı şəkildə Qərbin müəyyən dairələrindən sifarişlər alan, bu vasitə ilə Azərbaycanın dünyadakı artan nüfuzuna xələl vurmağa cəhdlər göstərən radikal və dağıdıcı müxalif qrupların başında AXCP sədri Əli Kərimlinin, "milli Şura" sədri Cəmil Həsənlinin dayanması heç də təsadüfi deyil:

"Təkcə bu adamların və onların ətrafındakı qrupların zaman-zaman hansı siyasi oyunbazlıqlardan çıxış etdiklərinə nəzər salarsaq, fəaliyyətlərini incələyərsək, nə qədər saxta, psevdomüxalifətçi olduqlarını növbəti dəfə müəyyən edə bilərik. Maraqlısı da budur ki, hakimiyyətə zor gücü ilə yiyələndikləri vaxtlarda respublikada çaxnaşmalara, habelə Qarabağ cəbhəsində uğursuzluqlara, torpaqlarımızın işğala məruz qalmasına səbəb olan həmin ünsürlərin indi durub dövlət idarəçiliyində hansısa "səhv" axtarmaları çox gülünc təsir bağışlayır. Əbəs deyil ki, bu gün onlara ağalıq edən Soros dairələri onlara əllərinə düşən hər imkanda dəstəklər göstərirlər, çünki bilirlər ki, şəxsi maraqlarını dövlətçilik, xalqçılıq maraqlarından daim öndə tutan belələri Azərbaycanın regionda və dünyada güclənən nüfuzuna xələl vurmaqdan başqa heç nəyə yaramırlar. Daha dəqiq desəm, demokratik dəyərlər və milli dövlətçilik faktorunda ədalətli yolu tutan Azərbaycan Soros kimi Qərb fondlarına sərf etmir, ona görə də bu cür siyasi səbatları olmayan dairələrə ümid edirlər. Ancaq bu ümidlər də puça çıxır, necə ki, hər zaman belə olub. Xalq isə yaxşı bilir ki, kim-kimdir".

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, "milli şura" xarici dairələr tərəfindən idarə olunur: "Bunlar cib müxalifətidir. Onlar yalnız öz maraqlarının təmin olunması uğrunda addımlar atır. Onlar öz ağalarının, onlara pul verən hər kəsin tapşırıqlarını yerinə yetirirlər".

Milli.Az