Azərbaycanda MEDİA yaradıldı: yenilənmə başlanır

12 Yanvar 2021 20:41

MEDİA yaradılıb və ölkənin mass-mediasında yenilənmə başlanır. İndiyədək "mass"sız media olan kütləvi informasiya vasitələrimizin gerçəkdən də kütləvi və informasiya vasitəsi olmaları üçün çox iş görülməlidir.

Kütləvi informasiya vasitələrimizin səviyyəsi, keyfiyyəti, əhatə dairəsi və yenilənən dünyanın yeni şərtləri qarşısında, olan çağırışların önündə duruş gətirməsi yox, daim irəlidə olması gərəkdir.

Azərbaycaan qarşı qərəzli mövqe tutan, dövlətimizə yönəlik ikili və daha çoxlu standartlar siyasəti tətbiq edən qüvvələrə qarşı müdafiə yox, hücum mövqeyində olmalıyıq.

Mediamızın hələ də ötən əsrdə qaldığını, ən eybəcər halların baş alıb getdiyini, qeyri-peşəkarların və kütləvi informasiya vasitələrini absurdluq teatrı kimi anlayanların sayının artdığı acı gerçəklikdi.

Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdı. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdü.

Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdi. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.

Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Prezident İlham Əliyev bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması barədə sərəncam imzalayıb.

MEDİA publik şəxs olacaq və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi sayılacaq.

Yəni KİVDF-nin hüquq və öhdəlikləri, habelə bütün əmlakı MEDİA-ya keçir.

MEDİA-nın nizamnamə fondu 285405 manatdır və bu vəsait dövlət büdcəsi hesabına formalaşır.

Agentlyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Agentliyiyə rəhbərliyi isə dövlət başçısının təyin etdiyi icraçı direktor reallaşdıracaq.

Ən başlıcası isə ölkədə hazırda mövcud olan "Kütləvi informasiya vasitələri" haqqında köhnələn, müasir dövrün tələblərinə əsla cavab verməyən qanunun əvəzinə "Media haqqında" qanun layihəsi hazırlamaq tapşırılıb.

Bu layihə 6 ay ərzində hazırlanmalıdır.

Beləliklə, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində irəliyə doğru əəhmiyyətli addım atılıb.

Məqsəd fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamanması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaqdır.

Eyni zamanda MEDİA jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək, medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görmək, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirmək, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək, əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirməklə məşğul olacaq.

Çünki cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlərin görülməsinə çox ciddi zərurət duyulur.

Eyni zamanda media subyektlərinin fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edilməsi də arxa planda qalmayacaq.

Ağır vəziyyətdə olan, faktiki olaraq satılmayan və oxunmayan qəzetlərin formalaşdırdığı çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlər də görüləcək.

Ən nəhayət, onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət olunacaq.

MEDİA-nın səlahiyyətləri arasında çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək də var.

Bu zaman qabaqcıl beynəlxalq təcrübə nəzərə alınacaq, elmi-texniki nailiyyətlər tətbiq olunmalıdır.

MEDİA yaradılıb və ölkənin mass-mediasında yenilənmə başlanır.

İndiyədək "mass"sız media olan kütləvi informasiya vasitələrimizin gerçəkdən də kütləvi və informasiya vasitəsi olmaları üçün çox iş görülməlidir.

Hamımız, birlikdə.

Elçin Alıoğlu
Milli.Az