Düşmənin dağıtdığı ərazilər bərpa edilir - Trend-in Tərtərdən VİDEOREPORTAJI

12 Yanvar 2021 19:21

44 günlük Vətən müharibəsi zamanı ermənilərin ağır artilleriyadan atəşə tutduğu Tərtər şəhərinin küçə və prospektləri bərpa olunur, erməni işğalçılarının vurduğu ziyan aradan qaldırılır.

Milli.Az bildirir ki, Trend-in Qarabağ bürosunun çəkiliş qrupu prosesi lentə alıb. Bərpa işləri ilk olaraq şəhidlərin adını daşıyan küçələrdə aparılır. Bərpa zamanı fərdi evlərdə yaşayan sakinlərin həyətyanı sahələrinə daş divar hörülür, yollara asfalt örtük çəkilir. Hazırda şəhərdə onlarla küçədə bərpa işlərinə start verilib. Bunlardan ikisində son tamamlama işləri aparılır.

Qeyd edək ki, 44 gün davam edən müharibə zamanı Tərtərə 16 mindən çox mərmi atılıb. Şəhər ermənilər tərəfindən əsasən artilleriya atəşinə tutulub. Şəhərin mərkəzi də daxil olmaqla, 40-dan çox yaşayış məntəqəsi atəşə məruz qalıb. 21 ədəd qadağan olunmuş "Smerç" raketi atılıb, 4000 obyektə, 2000 fərdi yaşayış evinə, çoxlu sayda məktəb binasına ziyan dəyib.

Milli.Az