"19 oktyabrda Baş Qərargah rəisi məğlubiyyətə doğru getdiyimizi bildirdi..." - Ermənilərin acı etirafları

12 Yanvar 2021 15:06

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Mikael Ambartsumyan Baş nazir Nikol Paşinyanı "müharibəni vaxtında dayandırmamaqda" günahlandırıb.

Milli.Az xəbər verir ki, erməni KİV-lərinə verdiyi müsahibədə Ambartsyumyan təhlükəsizlik qüvvələrinin, xüsusilə Milli Təhlükəsizlik Xidmətinin və Baş Qərargah rəhbərlərinin oktyabr ayının əvvəllərindən bəri hər gün cəbhədəki vəziyyət barədə baş nazirə məruzə etdiklərini və müharibəni dərhal dayandırmağa çağırdıqlarını bildirib.

Qeyd edək ki, Ambartsumyan 8 oktyabr - 7 noyabr tarixlərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışıb və daha əvvəl Xidmət rəhbərinin müavini vəzifəsində çalışıb.

Ermənistanın Təhlükəsizlik Şurasının Ambartsumyanın iştirakı ilə 19 oktyabr tarixli iclasında Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan müharibənin dərhal dayandırılmalı olduğunu bildirib.

"Sonra Baş Qərargah rəisi Onik Qasparyan vəziyyəti bildirdi, itkiləri təqdim etdi və müharibəni dayandırmağı təklif edərək həqiqətən məğlub olacağımızı söylədi. Yaddaşım məni yanıltmırsa, Ermənistan Müdafiə naziri David Tonoyan da bu fikirə razılığını bildirdi. Müzakirələrdə müxalifət nümayəndələri Arman Abovyan və Edmon Marukyan da iştirak etdilər. Ancaq müharibəni dayandırmaq üçün bir qərar verilmədi. Daha sonra Rusiya prezidentinin açıqlamalarından və digər mənbələrdən məlum oldu ki, oktyabrın 19-da oxşar təklif Rusiya tərəfindən verilmişdir. Nə edəcəyinizə dair konkret məqamlar təklif edildi. Əslində, Lavrovun planını həyata keçirmək təklif edildi", - deyib Ambartsumyan.

Qeyd edək ki, müharibə başladığı gün Onik Qasparyan İrəvanda irqçi açıqlama verərək, erməni əsgərlərini "Azərbaycanı ən qısa zamanda məğlub etməyə" çağırıb. Ancaq bu "yenilməz erməni ordusu" mifini yalanlamaq və hər gün baş nazirdən müharibəni dayandırmasını xahiş etmək üçün yalnız bir neçə günlük döyüşlər yetərli idi...

Aslan Məmmədov
Milli.Az