"Bandotdel"dən ƏMƏLİYYAT: keçmiş məhkum "Mauser"lə ələ keçdi

12 Yanvar 2021 15:41

Paytaxt sakinlərindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin(DIN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "TOZ-13" markalı tüfəng və 8 ədəd patron götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əkbərovdan "Mauser" markalı tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az