AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Nizami ili" ilə əlaqədar "Nizami əlyazmalarının Bakı nüsxələri" adlı albom nəşri hazırlanır.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Əlyazmalar İnstitutunun elmi katibi, filogiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov deyib.
Onun sözlərinə görə, Azərbaycan və ingilis dillərində hazırlanan bu kitabda Nizaminin bəşəri əhəmiyyəti haqqında giriş məqaləsi, Nizaminin dünya kitabxalarında qorunan mühüm əlyazmaları barədə məlumat, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan 25 əlyazmanın müfəssəl təsviri, əlyazmalardan mühüm səhifələrin və miniatürlərin fotoları yer alacaq.
Ə.Nəcəfov qeyd edib ki, Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi təkcə bu il deyil, hər zaman alimlərimizin diqqət mərkəzindədir:
"Nizami Gəncəvinin milli və ədəbi kimliyinin elmi əsaslarla yenidən tədqiqata cəlb olunması nizamişünaslıq qarşısında duran mühüm vəzifələrdəndir. Əlyazmaşünaslıq elmimiz qarşısında duran vəzifələrdən biri də Nizami əsərlərinin dünyanın müxtəlif ölkələrində olan əlyazmalarının surətini əldə etmək və tədqiqata cəlb etməkdir. Bu sahədə Əlyazmalar İnstitunda artıq 2018-ci ildən müəyyən işlər görülür. Məsələn, İnstitutumuzun direktoru, akademik Teymur Kərimli "Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri" layihəsi çərçivəsində Türkiyədə ezamiyyətdə olarkən Türkiyənin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan zaman Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də yaxından tanış olmuş, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilmişdi. Əldə olunan nadir nüsxələrdən bəzisi vaxtilə Aya Sofya məbədinin kitabxanasında qorunan əlyazmalardır. Sevindirici haldır ki, şairin irsinin daha dərindən tədqiqində bu nadir nüsxələr də nizamişünas alimlərə yardımçı olacaq".
Milli.Az