"Prezident İlham Əliyev regionun yeni gələcəyini qurur"

12 Yanvar 2021 11:28

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü Azərbaycanın milli maraqlarına cavab verir və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın dəqiqliklə həyata keçirilməsinə hesablanıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, düzdür, 10 noyabr bəyanatında çoxlu məsələlər öz əksini tapmışdı, amma bəyanatın bütün bəndlərinin tam icrası üçün 11 yanvarda keçirilmiş üçtərəfli görüşün və 4 bənddən ibarət imzalanmış növbəti üçtərəfli bəyanatın böyük tarixi əhəmiyyəti var:

"Əvvəlcə onu qeyd edim ki, dünənki görüş və üçtərəfli növbəti bəyanatın imzalanması onu göstərir ki, tərəflər 10 noyabrda imzalanmış sənədin icrasına və regionda davamlı sülhün bərqərar olunmasına hazırdır. Çünki davamlı sülh əldə olunmadan heç bir iqtisadi əməkdaşlıqdan danışmaq olmaz. Ona görə də keçirilmiş üçtərəfli görüş ilk növbədə regionda ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına, davamlı sülhün əldə olunmasına və nəticədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə hesablanıb. Görüşdəki çıxışında Prezident İlham Əliyev dedi: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələsini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

A.Badamov vurğulayıb ki, 11 yanvarda imzalanmış üçtərəfli bəyanatın mahiyyəti əsasən ondan əvvəl imzalanmış bəyanatın 9-cu bəndinin icra mexanizminin hazırlanmasına və tezliklə həyata keçirilməsinə hesablanıb:

"Bu bəndin icrası region ölkələri üçün böyük əhəmiyyət daşıyır. Birincisi, Azərbaycanın Naxçıvanla quru yolu açılır və həm də yollar birbaşa Türkiyəyə birləşdirilməklə daha qısa və iqtisadi baxımından yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan verəcək. Mehri nəqliyyat dəhlizinin formalaşması mövcud Gürcüstan dəhlizinin alternativi olacaq və bu da ölkəmizin üzərindən keçən beynəlxalq nəqliyyat marşrutlarının şaxələnməsi deməkdir. Mehri dəhlizinin yaranması Naxçıvanı blokadadan çıxaracaq və həm də ölkəmizə iqtisadi səmərə gətirəcək, yükdaşımaların həcmini kifayət qədər artıracaq. Kommunikasiyaların iqtisadi səmərəliliyinin artması regionda sülhü və sabitliyi möhkəmlədəcək.

İkincisi isə Rusiya üçün regionda sülhün davamlı olmasının böyük əhəmiyyəti olacaq. Rusiya üçün ilk növbədə yaxın qonşuluqda uzun illər davam edən münaqişə başa çatır və regionda sabitlik yaranır. Həm də Rusiya üçün Türkiyəyə, Avropaya və Ermənistana quru yolları açılır. Bu da Rusiyanın regionda iqtisadi əməkdaşlıq imkanlarını asanlaşdırır və genişləndirir.

Üçüncüsü isə Ermənistan üçün tarixi əhəmiyyət daşıyır. Çünki Ermənistan işğalçılıq siyasəti yürütdüyü son 30 ildə bütün regional layihələrdən təcrid olunmuş, iqtisadi blokadaya salınmışdı. Ermənistanın bu siyasəti əbədi davam edə bilməzdi. 27 sentyabrda başlanmış 44 günlük müharibə Ermənistan üçün də yeni reallıqlar yaratdı. Bu yeni reallıqlar qonşu ölkələrlə səmimi qonşuluq münasibətlərinə girmək, əməkdaşlıq formatlarından istifadə etmək imkanlarının meydana gəlməsidir. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın dəqiqiliklə icrası Ermənistan üçün yeni bir iqtisadi əıməkdaşlıq imkanları yaradır və bu da ölkəsinin iqtisadi inkişafına nail olunmağına imkan verəcək".

Deputatın sözlərinə görə, ümumilikdə, 11 yanvarda keçirilmiş görüşdə hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılacaq və bu işçi qrup imzalanmış növbəti üçtərəfli bəyanatın 4-cü bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək. Yəni, burada bəndin icrası üçün dəqiq vaxt da müəyyənləşib və 2021-ci il martın 1-dək görüləcək işlərin dəqiq mexanizmi hazır olmalıdır.

Milli.Az