Putin Ermənistanı cəzalandırdı - Moskva görüşünün detalları - FOTO

12 Yanvar 2021 11:08

Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə dünən Moskvada ilin əsas gündəmini təşkil edən bir görüş baş tutdu. Hər üç ölkə liderinin iştirakı ilə keçirilən bu görüş bir çox qaranlıq məqamlarla yanaşı, Qarabağın müqəddəratına da ciddi şəkildə yenidən aydınlıq gətirdi. Qarabağın inkişafı ilə bağlı Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı ortaq bəyanatdan sonra liderlərin birgə mətbuat konfransındakı açıqlamalar belə düşünməyimizə əsas verir. Bu bəyanat görüşün nəticəsi kimi 10 noyabr sənədində əksini tapan məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirdi. 

Qarşıda parlament seçkilərinə hazırlaşan Paşinyan bu görüş zamanı Qarabağın statusu məsələsinə aydınlıq gətirərək növbəti seçkilərdə qələbəsini təmin etmək məqsədilə zəmin hazırlamağa cəhd etsə də Rusiya "xəyanəti" yenə bağışlamadı.

Görüşə kimi bir çox təxribatlarla yadda qalan Ermənistan tərəfinin planları baş tutmadı. Ermənistan XİN-nin rəhbəri Ara Ayvazyan və digər erməni məmurları Dağlıq Qarabağ ərazisinə təxribat xarakterli qanunsuz səfərləri ilə Rusiyanın vasitəçilik səylərinə və birbaşa Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair imzalanan Moskva bəyanatına və sülh təşəbbüslərinə kölgə salmaqla yanaşı, 11 yanvar görüşü öncəsi Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək məqsədi güdürdü. Lakin ötəngünkü bəyanat ermənilərin vacib görüş öncəki planlarının istək olaraq da qaldığını göstərdi.

Çünki Putin üçün indi Rusiya sülhməramlılarının varlığını və əhəmiyyətini qoruyaraq, noyabrda əldə edilmiş razılaşmaları və Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək son dərəcə vacib idi. Bu səbəbdən də Rusiya lideri məhz müzakirələri Ermənistanın aydın status verilməsini istədiyi Dağlıq Qarabağ məsələsinə yox, 10 noyabr sənədində əksini tapan dəmir yolu və avtomobil  kommunikasiyalarını prioritet kimi müəyyənləşdirdi. Dağlıq Qarabağ məsələsi ilə bağlı sözünü isə Putin Ermənistanın kapitulyasiyası kimi adlandırılan sənəddən sonra ölkəsinin mediasına verdiyi müsahibələrdə "Qarabağ Azərbaycanın ərazisidir" açıqlaması ilə, əslində, demişdi.

Bu görüşdən də qazanan iki ölkə oldu - Rusiya, Azərbaycan. Paşinyanın Ermənistana əliboş, boynubükük dönəcəyi mətbuat konfransında bəlli oldu. Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı "Qarabağla bağlı razılaşmaların səmərəli şəkildə həyata keçirilir və narahatlıq üçün ciddi səbəblər yoxdur. Qarabağ problemi keçmişdə qaldı, gələcəyi düşünməliyik. Ümid edirik ki, Qarabağla bağlı üçtərəfli anlaşmaya yenidən baxılması üçün cəhdlər olmayacaq" ifadələri qarşılığında Ermənistan baş nazirinin narazı dolu "Qarabağ münaqişəsi hələ də tam həll edilməyib. Dağlıq Qarabağın statusu müəyyən edilməlidir" açıqlaması görüşün mahiyyətini ortaya qoymuş oldu.

Belə ki, görüşdən əvvəl hər birimizi ciddi şəkildə narahat etməyə başlayan, həll edilməli olduğunu düşündüyümüz Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə müəyyən mənada aydınlıq gəlmiş oldu. 11 yanvar görüşündən də belə aydın oldu ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə mövzusu ola bilməz.

Qarabağ Azərbaycandır!

Təhməz Əsədov
Milli.Az