Onlar milli irsimizə sahib çıxırlar - VİDEO

12 Yanvar 2021 16:14

Kiçik bir məkanda Azərbaycan milli geyimlərini qoruyur və təbliğ edirlər. Sahibi olduğumuzun əsrlərin yadigari milli irsimizə heyranlıqlarını bu yolla ifadə edirlər. Dünənin əmanətlərini gələcəyə daşımaqla məşğuldurlar. Müasir dünyanın iki gəncidir onlar. Lakin anlayırlar ki dünəni unutsaq bu gün heç , gələcək isə puç olar.

Sanki bir azdan bu xanım örpəyini başına çəkəcək, vəznisini geyinən bu bəy isə sinəsini irəli verib qaravaş çağıracaq. Əsrlərin o üzündən bu günümüzə tarix qonaq gəlib onların simasında. Milli geyimlərimizi tapıb, toplayıb, bərpa edib gələcək nəslə çatdırmağı özünə borc bilən Fuad Cəbrayılov və Ruslan Hüseynovun qonağıyıq:

Onlar təkcə geyimləri və zinət əşyalarını toplamırlar, boğçalarında həm də o əmanətləri geyinənlərin xatirələri də var. Fuad Cəbrayılov deyir ki, o, hələ uşaqkən muzeyə ekskursiyalara gedəndə geyimlərə toxunurdu. "Hamı ekspoantlara baxırdı, mən isə hiss edirdim"..

Bəzən bir geyimin kiçik bir hissəsi, bəzən bir yorğanın ilmələri, bəzən də hansısa çəpkənin izi ilə tarixi dünənimizdən bu günə, gələcəyimizə daşıyan bu gənclərə uğur arzu edirik. Gəlin, milli irsimizə birlikdə sahib çıxaq!

Milli.Az