Şəhidlik mənim vətənə sevgimi əbədiləşdirdi - Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." - FOTO

12 Yanvar 2021 09:22

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Milli.Az bildirir ki, bu material Nəciyev Xalid Qabil oğluna həsr edilmişdir...

3 İyul, 1992

6 Noyabr, 2020, Laçın istiqamətində

- Salam, Xalid.
- Salam.
- Səndən o qədər gözəl şeylər eşitmişəm ki.
- Kim məni xatırlayır, hamısı çox sağ olsun...
- Xalid, yadda qalmaq nə qədər vacibdir?
- Məncə yadda qalmaq yaşamaq deməkdir.
- Düzdür, mən də elə fikirdəyəm. Xalid, sən Saatlı rayonunun təhsil şöbəsində işləyirdin və bildiyimə görə nazirlikdə - çalışmaq fikrin olub, elədir?
- Bəli, işimdən çox razı idim, maraqlı idi mənə. Ümümiyyətlə insanlarla işləməyi xoşlayırdım. Hətta mən 2017-2018-ci - illərdə Saatlı rayonunun Qara Nuru kəndində tarix və coğrafiya müəllimi kimi işləmişəm.
- Nə gözəl iş görmüsən. Elə mən də neçə illərdi ki, təhsil sahəsində işləyirəm. İnsanlara nə isə öyrətmək çox qürur verici bir hissdir.
- Razıyam. Mən öyrətməyi və öyrənməyi çox sevirdim. Axşamlar xəritələrə baxırdım, maraqlanırdım. Bizim xəritəmizə tez-tez baxardım... Qələbəmizə həmişə inanırdım, bilirdim ki, hər şey öz yolun tapacaq.
- Xalıd, dostların səndən çox danışıb, amma onların danışdıqlarında məni cəlb edən bir şey oldu.
- Özümə də maraqlı gəldi (gülür).
- Bilirsən, hər kəs müəllim ola bilməz. Müəllimlik insandan məsuliyyət tələb edir. Çünki sənin öyrətdiklərin insanların həyatlarını dəyişə bilər. Sən isə öz müəllimlik fəaliyyətini cəbhədə də tətbiq edirdin.
- Sizinlə razıyam. Cəbhədə də uşaqlara vətən sevgisinin insanın həyatında nə qədər vacib olduğunu deyirdim. Mən onlara şəhidliyin necə yüksək bir zirvə olduğundan danışırdım. Biz döyüşərkən şəhid olan qardaşlarımızı çalışırdıq özümüzlə aparaq. Əslində həyatın nə demək olduğunu mən elə müharibədə başa düşdüm.
- Xalid, evə tez-tez zəng vururdun?
- İmkan olanda, istəmirdim evdəkilər bilsinlər. Qardaşıma dedim ki, atama və anama deməsin, elə bilsinlər ki, Gəncədəyəm.
- Niyə?
- İstəmirdim narahat olsunlar. Mən onları çox istəyirdim.
- Amma qardaşına dedin.
- Bəli, biz onunla yaxın idik.
- Xalid, sənin feysbuk səhifənə baxtım. Maraqlıdır ki, bütün paylaşmalar təhsil haqqındadır.
- Bəli, mən öz işimi çox sevirdim, amma Vətənimi ondan da çox sevirdim (gülümsəyir).
- Xalid, ürək sözlərin varsa mən onları cəmiyyətə çatdırmaq istəyərdim.
- Bilirsiniz, mən həmişə ölkəmə gərəkli olmaq istəmişəm. Bilirdim ki, mən oxumalıyam, vətənimə müəllim kimi və ya vətəndaş kimi bir xeyir gətirməliyəm. Amma bilmirdim ki, vətən uğrunda şəhidlik zirvəsinə galxacağam. Şəhidlik mənim vətənə sevgimi əbədiləşdirdi. Və, bir şey də deyim, indi bizim xəritəyə yuxarıdan baxarkən sevinirəm. Nəhayət ki, bütövləşdi...

Milli.Az