Vətən sevdalısı olan şəhid Vüqar Sarıyev - VİDEO

12 Yanvar 2021 13:18

O da qəhrəmanlıqları ilə dastan yazan igidlərimizdəndir. Hərbçi olmaq üçün can atırdı, çünki vətən torpağını azad etmək onun ən ümdə arzusu idi. Canı bahasına bu arzusuna çatdı. Şəhidlik zirvəsinə ucaldı. 30 yaşlı xüsusi təyinatlımız Vüqar Sarıyevdən danışacayıq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İki arzusu vardı ürəyində -Vətən torpaqlarını işğaldan azad etmək və ilk oğul övladına qurban kəsmək.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş kəşfiyyatçımız Vüqar Sarıyev yaxınlarına "Qorxmayın, torpaqlarımızı yağı düşməndən azad edib qayıdacam" deyirdi. Lakin qismət olmadı. Xüsusi təyinatlımız oktyabrın 10-da Talış kəndi və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə cəsarət nümayiş etdirərək qəhrəmancasına şəhid olur.

Vuqar Sarıyev 1990-ci ildə Biləsuvar rayonunda anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. İkinci qarabağ müharibəsinə də elə burdan qatılıb.

Vüqarın həyat yoldaşı Vüsalə Sarıyeva deyir ki, müharibə başlayanda Vüqar çox sevindi. Çünki torpaqların yağı düşmən tapdağında olması onu həmişə narahat edirdi.

Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az