Moskvada Qarabağ görüşü: məzmun və nəticə nə vəd edir?

11 Yanvar 2021 23:42

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Rusiyanın diplomatik protokoluna və əlifba qaydasına uyğun olaraq Azərbaycanın dövlət başçısı sağda, Ermənistanın baş naziri solda əyləşmişdilər.

Vladimir Putin danışanda İlham Əliyev bir yanlış, əlavə jest etmədi. Sanki canlı heykəl, usta diplomatiyanın və qələbə taktikasının təcəssümü idi.

Nikol Paşinyan isə sürəkli yerində qurcalanır, dönüb ətrafa baxır, sonra zəndlə Putini süzürdü.

İlham Əliyevlə Vladimir Putin qarşılıqlı sayğı ilə, iki dövlət başçısı kimi danışırdılarsa, Paşinyanla söhbətində Putin sanki Ermənistanın baş nazirinin siyasi psixoterapevti kimi çıxış etdi.

Üstəlik, Paşinyana verilən və içində sənədlər olan portfel də iki dəfə aşdı, Paşinyanı xəcil etdi.

... Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın axarı rəvan deyildi, çoxsaylı sualtı daşlar vardı. Təbii ki, Qarabağ münaqişəsinin nizamlanmasından ATƏT-in Minsk Qrupunda həmsədr olan ABŞ ilə Fransanı kənarlaşdıran Rusiya baş aktor və əsas vasitəçi kimi bütün geosiyasi dividendlərdən bəhrələnmək niyyətindədir.

Təbii ki, münaqişənin nizamlanmasında Moskva hazırda Parislə ən sərt rəqabət formatındadır. Onu da unutmayaq ki, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yönəlmiş qətnamənin müəllifləri Moskva və Paris idi: həmin qətnamənin qəbuluna problemə daha məsuliyyətli yanaşan ölkələr mane oldular.

Bugünkü görüşdə və müzakirələrdə Türkiyə iştirak etməsə də, Ankaranın mövqeyi və maraqları nəzərə almadan Qarabağla bağlı hansısa məsələnin həll ediləcəyini düşünməyin özü sadəlöhvlükdür.

Görüşdə əsas müzakirə mövzusu təbii ki, nəqliyyat dəhlizlərinin açılması, nizamlanması və yaradılaraq işə salınması idi.

Bu, Azərbaycanla Türkiyə ilə yanaşı, Ermənistan üçün də vacibdir. Moskva üçünsə yox: Rusiya üçün Qarabağ məsələsində iqtisadiyyat yox, siyasət ön plandadır.

Regiondakı yeni reallıqlar və dünyadakı proseslər artıq yeni strategiyalar tələb edir.

Moskva görüşü də elə bu istiqamətdə atılan addımlar arasında geostrateji baxımdan 9 noyabr bəyanatından sonra ikinci mühüm addım idi.

Bəyanatın özü

Üçtərəfli görüşdə bu gün imzalanmış bəyanata nəzər salaq:

" 1. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması baxımından 9 Noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndini həyata keçirmək üçün Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikası Baş nazirinin müavinlərinin müştərək rəhbərliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrup ilk iclasını 2021-ci il yanvarın 30-dək keçirəcək və nəticələrinə əsasən Bəyanatın 9-cu bəndinin icrasından irəli gələn əsas iş sahələrinin siyahısını hazırlayacaq, dəmir yolu və avtomobil yolları rabitəsini prioritet kimi müəyyənləşdirəcək və həmçinin Azərbaycan Respublikası, Ermənistan Respublikası arasında digər razılaşma sahələrini müəyyənləşdirəcək.

3. Əsas fəaliyyət istiqamətlərini həyata keçirmək üçün İşçi Qrupunun həmsədrləri bu sahələrdə ekspert alt qruplarının tərkibini, tərəflərin səlahiyyətli orqanlarının və təşkilatlarının vəzifəli şəxsləri arasından təsdiqləyəcəklər.  Mütəxəssis alt qruplar, İşçi Qrupun iclasından sonra bir ay müddətində Tərəflər tərəfindən ən yüksək səviyyədə həyata keçirilməsi və təsdiqlənməsi üçün zəruri mənbələrin və fəaliyyətlərin əsaslandırıldığı layihələrin siyahısını təqdim edəcəklər.

4. İşçi Qrup, 2021-ci il martın 1-dək, Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçən beynəlxalq nəqliyyatın təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı fəaliyyətlərin siyahısı və cədvəlini Tərəflər tərəfindən ən yüksək səviyyədə təsdiqinə təqdim edəcəkdir; habelə Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazilərindən keçməyi tələb edən Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən nəqliyyat".

Üç tərəfin bəyanatları

4 saat davam edən müzakirələrdən sonra Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan mətbuata bəyanatlarla çıxış etdilər,

Vladimir Putinin dediyinə görə, 9 noyabr bəyanatının şərtlərinə əməl edilir, Qarabağda heç bir ciddi insident qeydə alınmayıb.

"Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir. 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.

Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam", - deyən Putin bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcəyini və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də faydalı olacağını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.

Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

Nikol Paşinyan isə həmişəki ampluasında idi. Qarabağ münaqişəsinin hələ də "nizamlanmadığını" vurğulayan Paşinyanın sözlərinə görə, "münaqişə qalır": "Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir".

Nə baş verdi?

Moskvadakı bugünkü görüşün sonuclarını Azərbaycan üçün çox məqbul və sərfəli hesab etmək olar. Xatırlayaq: Ermənistan diplomatiyasının və rəsmi İrəvanın başlıca məqsədi işğaldan azad edilmiş ərazilərimizdə üçtərəfli bəyanatın imzalandığı gündən, yəni noyabrın 9-dan sonra terror aktları gerçəkləşdirmək istəyən və ələ keçən silahlı ermənilərin "hərbi əsir" sayılması, sonra da onların İrəvana qaytarılmasına nail olmaqdı.

Paşinyan bu məqsədinə çatmadı.

İlham Əliyev bəyan etmişdi ki, noyabrın 10-dan sonra tutulmuş bu ermənilər Ermənistandan Azərbaycana noyabrın 26-dan sonra keçiblər. Bu səbəbdən onlar terrorçudurlar və məhz bu səbəbdən məhkəmə qarşısında duracaqlar. Əsirlərin mübadiləsinin də həmin ermənilərə heç bir aidiyyatı yoxdur, ola da bilməz.

Moskva bəyanatının digər bəndlərinə gəldikdə - onlar gözlənilən və ehtimal olunandı.

Azərbaycan  kommunikasiyaların açılmasının tərəfdarıdır və bu, 9 noyabr bəyanatında da əks olunub.

Rəsmi Bakı məqsədlərinə çatıb.

Paşinyan isə işğaldan azad edilmiş ərazilərimizdə ələ keçmiş ermənilərin geri qaytarılmasına, yəni əsas məqsədinə nail olmadı.

O, Moskva uğursuzluğuna görə İrəvandakı daxili auditoriya qarşısında hələ cavab verməlidir.

Azərbaycanın Ali Baş Komandanı isə bir daha bəyan etdi ki, sözü də əməli kimidir və imzalanmış sənədə bərabərdir.

Ən nəhayət, Rusiya: Moskva münaqişəni çözməklə bahəm, Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır və kommunikasiyaların açılmasına verdiyi önəm də bunu bir daha təsdiqləyir.

Digər əsas məsələ - Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasıdır.

Qarabağın hələlik rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərinin də Böyük Azərbaycana qatılacağı gün uzaqda deyil.

Pessimistlər istədikləri qədər "Qarabağ əldən getdi", "Rusiya imkan verməyəcək", "Ermənilər geri çəkilən deyil" və s. tipli bədbin açıqlamalar versələr də, tarixin təkəri Sansara inadı ilə fırlanır və hərəkət irəliyə doğrudur.

Moskva görüşünün əsas yekunu lakonikcəsinə belədir: Ermənistan qarşısına qoyduğu məqsədlərin heç birinə çatmadı, Rusiya Azərbaycanın maraqlarını tam nəzərə almaq məcburiyyətini etiraf etdi, Türkiyənin prosesdə fəal iştirakçı olduğu bir daha təsdiqləndi, Ermənistan-Rusiya nəqliyyat yolunun Azərbaycan keçməsi barədə ilkin niyyət əslində bu yüklərə Bakının nəzarət etməsi deməkdir və ən nəhayət, "Qarabağın statusu" ifadəsi tarixə gömüldü.

Bundan başqa...

Ermənistandan Rusiyaya uzanacaq dəmir yolu ermənilərin Tavuş rayonundan keçəcək. Sərhədləri açmaq və infrastrukturun inşasına başlamazdan əvvəl demarkasiya gərəkdir. Bu isə Ermənistanın işğalda saxladığı bütün kəndlərimizin Tavuşda geri qaytarılması deməkdir.

Azərbaycanın əsas hissəsindən Naxçıvana nəqliyyat dəhlizi Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçir. Burada da sərhədin demarkasiyası davam edəcək.

Bəyanatda vurğulanan "Qarabatın birgə iqtisadi inkişafı" məsələsinə gələk.

Həmin ifadədə Qarabağın hansı hissəsi nəzərdə tutulur və rəsmi Bakı Qarabatın hansı ərazilərinin iqtisadi inkişafında fəal, tammiqyaslı iştirak etməyə hazırlaşır? Təbii ki, hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə.

Bunun isə nə demək olduğunu geniş izah etməyə zərurət varmı?

Nikol Paşinyanın bəyanatına gəldikdə isə...

Qatar artıq gelib və İrəvan revanş fikrinə düşərsə, Ermənistan dövləti fiziki cəhətdən məhv ola bilər. Putin məhz buna görə Erməni stana alternativi, yəni çoxtərəfli iqtisadi, nəqliyyat və kommunikasiya layihələrinə qatılmağı təklif etdi.

Naxçıvan dəhlizi bizim qədər, hətta bizdən daha çox Ermənistan iqtisadiyyatına fayda gətirəcək. Üstəlik, biz Ermənistan ərazisinin cəmi 42 km-dən faydalanacağıqsa, ermənilər Rusiya ilə ticari əlaqələrini genişləndirmək üçün ən Azərbaycanın 800 km torpaqından keçəcəklər. Dolayısıyla onlar bu xəttin açılmasında bizdən daha maraqlı olmalıdırlar.

Paşinyanın Putinlə təkbətək görüşdə səsləndirdiyi fikirlərdən anlaşılır ki, nəhayət bu həqiqəti İrəvanda da anlamağa başlayıblar.

N.Paşinyanın "Qarabağın statusu" ilə bağlı dedikləri isə Ermənistanın daxili auditoriyasına oynamaqdır. O, Ermənistan vətəndaşlarına və dünya ermənilərinə nümayiş etdirməlidir ki, erməni "maraqları"na xəyanət etmir, əksinə, onları qorumağa və gerçəkləşdirməyə çalışır.

Moskvadkı görüşdə özünü çox naqolay hiss edən N.Paşinyanın ikiəlli yapışa biləcəyi bəndə ehtiyacı vardı və o, məhz "əsirlərlə girovların mübadiləsi"ndən yapışdı, bəyan etdi ki, nə isə yerinə yetirilmirsə, onu müzakirə etmək gərəkdir.

Başqa sözlə, Ermənistan var gücü ilə çalışır ki, "Qarabağ münaqişəsi hələ başa çatmasın" idefiksini uca səslə desin, "situasiyanın mücərrəd olduğu"nu diqqətə çatdırsın.

Halbuki reallıq tam fərqlidir: Qarabağ Azərbvaycandır.

De-fakto və de-yure...

Elçin Alıoğlu
Milli.Az