Naxçıvan faunasında dünya elmi üçün yeni arı növü aşkarlanıb - FOTO

11 Yanvar 2021 20:59

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu tərəfindən Naxçıvanın Darıdağ və Sirab ərazisindən yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) dünya elmi üçün ilk dəfə qeyd ediib.

AMEA-dan Milli.Az-a verilən məlumata görə, Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla, dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.

Sarımtıl hoplisoides bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

Qeyd etmək lazımdır ki, respublikamız Palearktikanın bir hissəsi olduğu üçün Naxçıvan Muxtar Respublikası ərazisində təyin olunmuş bu yeni arı növü dünya entomologiya elmi üçün dəyərli töfhədir.

Milli.Az