Yaponiyada koronavirusun daha bir yeni ştammı aşkar edilib

11 Yanvar 2021 17:47

Yaponiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, cari ayın əvvəllərində Tokionun "Haneda" beynəlxalq hava limanına gələn dörd sərnişində koronavirusun Böyük Britaniyada və Cənubi Afrika Respublikasında qeydə alınanlardan fərqlənən yeni ştammı aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin şəxslərin 20 yaşdan 40 yaşadək olduqları bildirilir. Bu sərnişinlər bir müddət Braziliyanın Amazonas ştatında olublar.

Həmin şəxslərdə koronavirusun yeni ştammı onlar yanvarın 2-də "Haneda" limanına endikdən sonra aşkar edilib. Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutunda götürülmüş nümunələr araşdırıldıqdan sonra, aşkar edilmiş virusun yeni başqa bir ştamm olduğu müəyyən edilib.

Koronavirusun bu yeni ştammı ilk dəfə Yaponiyada aeroportda aparılan karantin yoxlaması zamanı aşkar edilib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə bazar günü Yaponiyada 6094 yeni yoluxma halı qeydə alınıb. Beləliklə koronavirusa yoluxanların ümumi sayı 289 min 476 nəfərə çatıb.

Həmçinin bildirilir ki, koronavirusun əmələ gətirdiyi xəstəlik nəticəsində 45 nəfər həyatını itirib. Bununla da Yaponiyada koronavirusdan həyatını itirənlərin ümumi sayı 4080 nəfərə çatıb.

Milli.Az