Bu çirkab suları Pirşağı çimərliyinə axıdılır - VİDEO

11 Yanvar 2021 16:28

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində çirkab sularının dənizə axıdılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bloger-səyyah Emin Dostyari tərəfindən instaqram hesabında paylaşım edilib. Görüntülərdən aydın olur ki, ətraf kəndlərin tullantı suları Pirşağıda iri borular vasitəsilə Xəzərə axıdılır.

Bloger bildirir ki, çirkab suları yaxınlıqda Pirşağı çimərliyindən istifadə edən əhali üçün ciddi təhlükə yaradır: "Ətraf kəndlərin çirkab suları bu əraziyə axır. Suda olan qalın köpük onun işarəsidir ki, tərkibində külli miqdarda kimyəvi maddə var. Yaxınlıqda Pirşağı çimərliyi və Lahıc bağları yerləşir. İllərdir insanlar bu çimərliyə gəlirlər. Xəbərləri də yoxdur ki, çirkab suların yaxınlığında üzürlər. Bir neçə ildir ki, tullantı suları bu şəkildə axır və heç kim də əlac eləmir. Balıqçılar deyirlər ki, artıq buradan balıq tutmaq mümkün deyil. Ərazidə suiti və balıqların kütləvi ölümü müşahidə olunur. Bu sulardan tutulan balıqların yeyilməsi təhlükəlidir".

Bloger bildirir ki, digər təfdən, torpaq çirkab sulardakı kimyəvi maddələri canına çəkir. Nəticədə içməli su ehtiyatı da zərər görür.

Bu problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az