Xəstəliyin artma səbəbi - Yeni virus ortaya çıxsa...

11 Yanvar 2021 13:09

İstənilən xəstəlik, istənilən yeni bir virus meydana çıxdığı zaman ona qarşı xüsusi tədbirlərin görülməsindən qəti şəkildə danışmaq üçün ilk öncə o xəstəliyi müşahidə etmək lazımdır - O xəstəlik necə yoluxur, hansı yollarla yoluxur və ona qarşı hansı qorunma tədbirlərindən istifadə edəcəyimizi ancaq o müşahidədən sonra demək mümkündür.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, ümumi qorunma tədbirləri ilə koronavirusun yeni növündən də qorunmaq mümkündür:

"Ümumi qorunma tədbirlərinə hazırda Azərbaycanda riayət olunur. Bildiyiniz kimi, bir çox ölkələrlə hava sərhədi qapalıdır, sosial məsafə, maskadan istifadə, əl və tənəffüs gigiyenalarına dair təlimatlar, tələblər mövcuddur. Bunlar ümumi qorunma tədbirləri olduğu üçün bizi nəinki COVİD19-un mutasiyaya uğramış yeni növü olan SARS-CoV-2 virusundan, həmçinin meydana çıxan digər xəstəliklərdən də qorumaq iqtidarındadır.

Ortaya yeni bir xəstəlik çıxacaqsa, buna qarşı hansı qorunma tədbirlərinin tətbiq olunması ilə bağlı ancaq o xəstəlik təsdiqini tapdıqdan sonra bu haqda danışmaq mümkündür. COVİD-19 daim mutasiyaya uğrayr, yeni növləri, onsuz da, meydana çıxır. Onlara qarşı ümumi qorunma tədbirləri, standartları eynidir. Xüsusi qorunma tədbirləri isə dediyim kimi, əgər fərqli bir mutasiya növü meydana çıxacaqsa, bu virus əllərlə və başqa üsullarla yoluxacaqsa, onlara qarşı xüsusi qorunma tədbirləri fərqli hazırlanacaq. Amma hazırkı ümumi qorunma tədbirləri bizi bir çox xəstəliklərdə qorumaq üçün yetərlidir".

Təhməz Əsədov
Milli.Az