Yeni manatlar bu ay dövriyyəyə buraxılacaq

11 Yanvar 2021 12:44

Yanvar ayı ərzində Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əskinasların dövriyyəyə buraxılması nəzərdə tutulur.

Bu barədə Milli.Az-a Mərkəzi Bankdan məlumat verilib.

Qeyd olunub ki, yenilənmiş əsginasların dizayn və müdafiə sistemlərində mövcud konsepsiya çərçivəsində yeni texnologiyalar və innovasiyalar tətbiq edilib.

Mərkəzi Bankdan bildiriblər ki, yenilənmiş 1, 5 və 50 manatlıq əskinaslar hazırda mövcud olan eyni dəyərli əsginaslarla paralel olaraq dövriyyədə olacaq.

Yenilənmiş əskinaslarda müdafiə elementləri qismində 3D effeti ilə hərəkət edən və rəngini dəyişən "RollingStar Lead" holoqramı, dinamik işıq effekti və rəng təsvirləri olan "Spark Live" elementi, Azərbaycanın dövlət gerbi və nominal dəyərin təsvir olunduğu su nişanı, görmə məhdudiyyətli şəxslər üçün əsginasın dəyərini və həqiqiliyini tanımağa imkan verən qabardılmış xətt elementləri, əsginasın əks tərəfinin müasir trendlərə uyğun olaraq şaquli dizaynı və digər elementlərdən istifadə olunub.

Milli.Az