WhatsApp: hərbi sirlərimiz düşmənə sıza bilər: NƏ ETMƏLİ?

11 Yanvar 2021 12:26

Dünyanın ən populyar mobil messencer proqramı sayılan WhatsApp ciddi problemlərlə üzləşib.

Messencerin rəhbərliyi istifadəçilərlə müqaviləni təzələmək niyyətini açıqlayandan sonra kütləvi narazılıqlar başlayıb. Milyonlarla istifadəçi messencerdən imtina edərək alternativ proqram əlavələrinə üz tutublar.

Xatırladaq ki, WhatsApp messenceri istifadəçilərlə anlaşmanı yeniləyib. Bundan belə "vaçap"dan istifadə edən hər kəs öz şəxsi, konfidensial məlumatlarının Facebook korporasiyasına verilməsinə "könüllü" razılıq verməlidir.

Yeni anlaşmada deyilir: "Facebook korporasiyasının bir hissəsi olan WhatsApp istifadənin xasiyyəti, zövqü, nəyə üstünlük verməsi və s. ilə bağlı gərəkli informasiyanı korporasiyadakı bütün başqa proqram əlavələri ilə bölüşəcək.

Bu, istifadəçinin tələbatını və istəklərin nəzərə almaqla reklamın fərdi seçimi servislərinin yaxşılaşdırılması, müştəriyə daha çox uyğun gələn kontentin və fərdi xidmətlərin təklif edilməsi ilə bağlıdır".

Beləliklə, WhatsApp-dan istifadə edənlər və bundan sonra da "WhatsApp" istifadəçisi olmaq istəyənlər mütləq şəkildə yeni müqavilə ilə razılaşaraq, onu qəbul etməlidir.

Qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcək.

Məlumat mübadiləsinə icazə verməsəniz, artıq "WhatsApp" istifadə edə bilməyəcəksiniz.

Nədir yenilik?

Təsəvvür edin, dostunuzla və ya qohumunzla özünüzə velosiped alıb-almamağı müzakirə edirsiniz. Bu zaman İnstagram-da velosiped reklamları çıxacaq qarşınıza.

Dostunuzla xəngəl yeməyi planlaşdırdıqda Facebook-da xəngəl sifarişləri qəbul edən restoranların reklamlarını görəcəksiniz.

Bundan belə WhatsApp-ın hər biri istifadəçisi barədə bütün məlumatlar Facebook-a ötürüləcək.

Ötürüləcək konfidensial məlumatlardan agah olun:

- Hesabınızla əlaqəli şəxsi məlumatlar

- Telefon nömrəniz

- Dostlarınızın əlaqə nömrələri

- Telefonunuzun əməliyyat sistemi haqqında məlumatlar

- Çatlarda danışdığınız qarşılıqlı məlumatlar

- IP ünvan

- GPS məlumatlarınız

- Digər şəxsi məlumatlar.

WhatsApp-ın da istifadəçiləri barədə məlumatları Facebook-a vermək barədə qərarı onun populyarlığının azalmasına səbəb olub.

Üstəlik, ABŞ-da hakimiyyət dairələri Facebook-un bir neçə hissəyə bölünməsi barədə düşünürlər. Səbəb Mark Zukerberqin korporasiyasının internet-messencerler sektorunda Facebook Messenger və WhatsApp sayəsində inhisarçı mövqe tutmasıdır.

Facebook rəhbərliyinin ABŞ-ın indiki prezidenti Donald Trampın Facebook, İnstagram-dakı akkauntlarını bloklaması vəziyyəti daha da ciddiləşdirib.

Türkiyədə isə prezident Rəcəb Tayyib Ərdoğan WhatsApp-dan imtina etdiyini bəyan edəndən sonra dövlət qurumları kütləvi şəkildə messencerdən boyun qaçıraraq yerli BiP messencerinə keçidə başlayıblar.

Eyni situasiya Hindistanda da yaşanır. Yerli Treyderlər Assosiasiyası ölkə hökumətinə müraciət edərək rəsmi Dehlini WhatsApp-ın yeni müqaviləni gerçəkləşdirməsinə mane olmağa çağırıb: "Ya yeni müqavilənin həyata keçirlməsi dərhal qadağan olunmalıdır, ya da WhatsApp-la bu messencer servisinin sahibi olan Facebook-un Hindistanda fəaliyyətinə son qoyulmalıdır", - Assosiasiyanın tələbində deyilir.

Hindistanda Facebook-un 200 milyon, WhatsApp-ın isə 310 milyon istifadəçisi var.

Dehli narahatdır ki, WhatsApp istifadəçiləri barədə bütün şəxsi məlumatlar, onların əlaqələri, olduqları yer, ödənişləri və s. barədə məlumatları Facebook asanlıqla əldə edəcək.

Pakistanda ölkə mediası vətəndaşları WhatsApp-dan imtina edərək kütləvi şəkildə Telegram messencerinə keçməyə çağırırlar.

Rusiyada da eyni vəziyyətdir.

Tam əksəriyyəti ABŞ şirkətləri olan bu servislər son vaxtlar "big data" inhisarçılarına çevrilərək istifadəçilərlə bağlı əldə edə bildikləri bütün məlumatları toplayırlar.

Eyni zamanda, senzura və bloklanma metodlarından da sui-istifadə olunur.

Məsələn, İkinci Qarabağ Savaşında ermənilərin cinayətləri və vəhşilikləri barədə statuslar paylaşan azərbaycanlı Facebook istifadəçiləri arasında profilinə ən müxtəlif cəzalar tətbiq edilən, bloklananların sayı həndəsi silsilə ilə artmışdı. Savaş günlərində bloklanma az qala kütləvi hal almışdı.

Hələ 2012-ci ildə İnstagram-ı satın alan Mark Zukerberq iki il sonra, 2014-cü ildə WhatsApp-ı da əldə edərək inhisarçıya döndü.

İndi ABŞ-ın 46 ştatının baş prokuroru birgə iddianamə ilə çıxış edərək Facebook-dan Instagram və WhatsApp satmağı, bundan sonra sözügedən sövdələşmələri yalnız rəsmi qurumların müvafiq icazələrindən sonra gerçəkləşdirməyi tələb edirlər.

Məsələ necə həll olunsa da, sosial şəbəkələrin əsas iki bəlası - senzura və istifadəçilərin izlənməsi həll olunmamış qalır.

Belə davam edərsə, Faceboook və WhatsApp-dan imtina edənlərin sayı sürətlə artacaq.

WhatsApp çətin durumu çözməyə çalışaraq dünən qeyri-rəsmi şəkildə "yeni qaydalar qəbul edilməyəcək" xəbərini yaydı. Lakin bu xəbər rəsmi olaraq heç bir mənbə tərəfindən təsdiqlənmədiyindən istifadəçilər narahatdır, təbəddülatdadır.

Messencerin rəhbərliyi istifadçilərin narahatlığına heç bir səbəb olmadığını, şirkətin E2E tipli şifrələmə sistemindən istifadəyə davam etdiyini vurğulasa da, belə açıqlamalara inam çox azdır.

Yaranmış situasiyada azərbaycanlı istifadəçilər də dürüst qərar verməlidir. Xüsusilə bir məqamı əsla nəzərdən qaçırmamalıyıq: Facebook-un texniki servisinin aparıcı mütəxəssisləri və rəhbərləri, xüsusilə də kontent moderatorları arasında ermənilər az deyil. Onların sayı onlarladır.

WhatsApp və Facebook Messenger vasitəsilə yazışmalarda diqqətli olmaq gərəkdir.

Xüsusilə də hərbçilərimiz, çünki sözügedən servislər istifadəçinin yerləşdiyi məkanı GPS geolokasiyası vasitəsilə asanlıqla təyin etməklə yanaşı, onun kimlərə və nə məzmunlu mesajlar yolladığını da asanlıqla müəyyənləşdirir.

Qarabağda, işğaldan azad edilmiş ərazilərdə olan hərbçilərimizin məkanlarını müəyyən etmək isə artıq hərbi sirrin pozulması sayıla bilər.

Düşmənə hərbi sirrlərdən yararlanmağa qətiyyən imkan vermək olmaz və bunun üçün alternativ messencer proqramları seçilməli, onlardan istifadə olunmalıdır.

Elçin Alıoğlu
Milli.Az