Viran qalmış yurd yeri - Ağdam rayonunun Qiyaslı kəndi - VİDEO

11 Yanvar 2021 13:13

Yolumuz işğaldan azad edilmiş Ağdam rayonunadır . Əməkdaşımız Şamxal Cəliloğlu rayonun Qiyaslı kəndindən reportaj hazırlayıb. Reportajdan aydın olur ki, kənd əsl xarabalığa çevrilib. Hazırda ərazi minalardan təmizlənir. Bu prosses tam yekunlaşandan sonra ərazidə geniş quruculuq işləri aparılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, noyabrın 20-dək təmas xətti sayılan Ağdamın Evoğlu kəndindən keçib Ağdam şəhərinə doğru irəliləyirik.

Böyük qürur və sevinc hissi ilə düşünürük ki, 27 ildir gedə bilmədiyimiz bu yolları bundan sonra tez-tez gedəcəyik - qurmağa, yaratmağa, erməni vandallarının Ağdam torpağına vurduğu yaraları sağaltmağa, yurd həsrətinə son qoyulmuş insanların sevincinə şərik olmağa.

Yol boyu Sarıcalı, Ağdamkənd və Seyidli kəndlərinin mənzərələrinə baxırıq. Ürək ağrıları ilə düşünürük ki, bir vaxtlar burada gözəl və abad kəndlər var idi. İndi isə çal-çağırlı, bağlı-bağatlı bu yerlərdən əsər-əlamət qalmayıb.

Bir zamanlar adı dillər əzbəri olan gözəl Ağdamın kəndləri xarabalığa çevrilib. Onlardan biri də Qiyaslı kəndidir.

Bu kənd bəzən "Gilaslı" da adlandırılır. Səbəb kənddə gilas ağaclarının çox olmasıdır. Kənd ərazisində XVIII əsrə aid Məscid, eləcə də ilk tunc dövrünə aid Qasımtəpə yaşayış məskəni yerləşir.

Ermənilər Ağdamı xarabalığa çevirmələri azmış kimi, rayonu tərk edərkən kəndləri minalayıblar.

Bununla yanaşı kənddə xeyli partlamamış hərbi sursat aşkar edilib.

Amma bu günlər də arxada qalacaq.. Rayonda tezliklə geniş tikinti-quruculuq işləri aparılacaq. Bundan sonra Ağdam rayonu ölkəmizin yenə də ən önəmli bölgələrindən birinə çevriləcək.

Milli.Az