Firuz Səxavət Ağdamda qardaşı Səxavət Məmmədovun məzarını ziyarət edib - VİDEO

11 Yanvar 2021 12:07

Azərbaycanın mərhum xanəndəsi Səxavət Məmmədovun Ağdam rayonu, Abdal Gülablı kəndində olan məzarı ziyarət edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ziyarətçilər arasında Səxavət Məmmədovun qardaşı, xanəndə Firuz Səxavət də olub.

Firuz Səxavət deyib ki, qardaş dərdi böyüyüydü, amma torpaq itkisi daha çətiniydi. O deyib ki, hazırda doğulduğu Abdal Gülablı kəndindən əsər-əlamət qalmayıb, hər yer ermənilər tərəfindən dağıdılıb: "Mən Səxavətin qəbri üstündə həm də torpaqlarımızın viran olan halına ağladım".

Xatırladaq ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulması üçün Bakıda sifariş edilən məzar daşını ünvanına çatdırmaq mümkün olmayıb. Sonra isə ifaçının doğulduğu Abdal Gülablı kəndi işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Milli.Az