"Tarix yazan Vətən Oğulları" - ADPU Şəhidlərinin xatirəsinə həsr olunan telekörpü keçirilib

10 Yanvar 2021 22:56

Yanvarın 10-da Bakı şəhəri, Xətai rayonu, A. Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Vətən müharibəsində Şəhid olan tələbə və məzunlarınının xatirəsinə həsr olunmuş "Tarix Yazan Vətən Oğulları" adlı telekörpü baş tutub.

ADPU-dan Milli.Az-a verilən məlumata görə, tədbir Zoom platforması üzərindən gerçəkləşdirilib.

Telekörpünün layihə rəhbəri 95 nömrəli məktəbin direktoru Elçin Abdullayev, təşkilatçıları isə direktor müavini Vüsalə Məmmədova, sinif müəllimi Zümrüd Hüseynova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçısı Fidan İsmayılovadır. Artıq dördüncüsü reallaşan telekörpü silsilə xarakter daşıyır və müxtəlif ümumtəhsil və ali təhsil müəssisələrinin Şəhidlərinin xatirəsini yad etmək məqsədi daşıyır.

Tədbirdə ADPU-nun Sosial və Humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütәxәssisi Cavid Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, idarənin ümumi təhsil sektorunun müdiri Fuad Babayev, xalq artisti Azad Şükürov, şair Baba Vəziroğlu, telejurnalist Telli Pənahqızı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, filialın direktor müavini Şəlalə Seyidova, ADPU-nun Ağcabədi filialının direktor müavini Seymur Süleymanov və ADPU-nun tələbə və məzunlarından Vətən müharibəsində Şəhid olanlardan Ağaqardaş Abbasov, Elgün Əzizov və Orxan Nəbiyevin ailə üzvləri və qazilər iştirak edib.

Tədbirdə 95 nömrəli tam orta məktəbin şagirdləri və ADPU-nun tələbələri Vətən müharibəsində Şəhid olan 9 tələbə və məzun haqda geniş məlumat verib, Şəhidlər haqda infoqrafik video və təqdimatı təqdim ediblər. Şagirdlərdən Kənan Bəşirli Şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan "Vətən yaxşıdır" və "Qarabağ şikəstəsi" mahnılarını canlı ifa edib, 4-cü sinif şagirdi Fidan Həşimova isə öz vətənpərvər çıxışı ilə Şəhid müəllimlərinə olan sonsuz ehtiramını bildirib.
Çıxş edənlər Şəhidlər haqda öz xatirələrini bölüşüb, vətənpərvər gənclərin tərbiyə olunmasında ailə və məktəbin, xüsusən müəllimlərin rolundan söz açılıb, bu sahədə ölkənin müəllim hazırlığı mərkəzi olan ADPU-nun rolundan danışılıb. Müəllimlərin ən böyük nümunələrini öz Şəhidlikləri ilə göstərdiyi qeyd olunub.

Milli.Az